Ekspertlərdən qız uşaqlarının abortuna qarşı ÇIXIŞ YOLU: “Qadınlara pulsuz verilsin...” 

Hazırda oxunan: Ekspertlərdən qız uşaqlarının abortuna qarşı ÇIXIŞ YOLU: “Qadınlara pulsuz verilsin...” 

86605

Oğlanların çox doğulması yaxşı hadisədir. Amma bu təbii proses olsa, Allah qarşısında da günahımız az olar. Bu gün çox doğulan kişi cinsi uca məqam qarşısında qaldırılmaz günah daşıyıcısıdır. Çünki əksər qadınları abort etdirməyə onlar məcbur edirlər. Bunun gec-tez bir bədəli olacaq, amma hələlik bunu qoyaq qırağa.

Statistikaya görə, Azərbaycanda hər 100 qıza 115 oğlan düşür. Bu faktı artıq hamımız bilirik. Amma bu sellektiv abortlar vasitəsi ilə hasil olunan nəticə olduğundan FACİƏVİDİR. 

Bəs, bu faciəni necə dayandırmaq olar? 

Bizim.Media xəbər verir ki, selektiv abortlar, əsasən, Şərqi Asiya və Cənubi Asiyanın bəzi bölgələrində (xüsusilə Çin Xalq Respublikası, Hindistan və Pakistan kimi ölkələrdə), eləcə də Qafqazda, Qərbi Balkanlarda kişilərin qadılardan daha yüksək qiymətləndirildiyi yerlərdə daha çox rast gəlinir.

Sosioloq Əhməd Qəşəmoğlu da hələ ötən yazımızda bizə deyib ki, oğlanların çox doğulması yaxşı hadisədir: 

“Əslində, oğlanların qızlardan müəyyən həddə qədər çox doğulması demoqrafik cəhətdən yaxşı hadisədir və bu sahədə hay-küy salmağa dəyməz. Çünki oğlanların böyük bir hissəsi orta məktəbi bitirdikdən sonra ölkədən gedir, yol qəza hadisələrində, dava dalaşda və müharibədə ölür. Ona görə, əslində oğlanların bir qədər çox doğulması yaxşı hadisədir”.

Onun fikrincə, qorxunc, faciəvi olan mənəvi-psixoloji məsələdir:

“Selektiv abort edənlər qız uşaqlarını öldürən valideyn və həkimlərdir. O valideynlər öz övladlarının qatilləridir. Belə valideyn və həkimlər cəmiyyətdə neqativ enerjini artırır. Ciddi tədbirlər görməyə ehtiyac var. İnzibati orqanların da müdaxiləsi olmaqla ciddi maarifləndirmə işləri aparılmalıdır. Obyektiv sosioloji araşdırmalar aparmaqla, elmi əsaslarla ciddi Fəaliyyət Proqramı hazırlamaq lazımdır. Bu işə sosial işçilər, dini idarələr, təhsil sistemi, KİV lər, xüsusi ilə TV lər cəlb edilməli, ölkədə ciddi ictimai qınaq yaradılmalıdır”.

Psixoloq Gülnar Orucova isə məsələyə digər aspektdən toxunub. Bizim də qoyduğumuz “Faciəni necə dayandırmaq olar” sualına qismən cavab verməyə çalışıb: 

“Azərbaycanda və dünyada abortların olunması qadağan olunub və buna görə məsuliyyətə cəlb olunan həkimlər var. Bizdə insanlar fərqli düşünür. Kütlə düşünür ki, qoruyucu vasitələrdən istifadə etmək, spiral taxdırmaq pozğunların işidir. Ona görə də arzuolunmaz hamiləlik baş verir. Əgər bir övladı dünyaya gətirib yaxşı ana-ata ola bilməyəcəksinizsə, elə abort yaxşıdır. Qadınların qoruyucu istifadə etməsi, spiral taxdırması ödənişsiz olsaydı, abortların sayı az olardı. Bu gün Azərbaycanda spiral taxdırmaq üçün minimum 200 manat civarında pul lazımdır. Abortun qiyməti isə 60-80 manat arasında dəyişdiyindən, onlar aborta qaçır”.

Təzə ailə qurmusunuzsa, xarakter olaraq bir-birinizi tanımağa çalışın, daha sonra övlad dünyaya gətirməyi düşünün deyir Gülnar xanım:

“Plansız övlad dünyaya gətirməyin. Qoruyucu vasitələrin xanımlara, ailələrə pulsuz təqdim olunması və yaxud spiralların pulsuz taxılması dövlət tərəfindən tam nəzarətə götürülsə, abortların sayı azalacaq”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin