Ali təhsil müəssisələrinin bakalavriat pilləsində “İnformasiya Təhlükəsizliyi” ixtisası (ixtisas şifri: 050615) üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə hazırlanan yeni proqram, ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri, dünyanın aparıcı ali təhsil müəssisələrində və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən işlənilib.
Proqramın hazırlanması zamanı həm dövlət və həm də özəl sektorda əmək bazarının cari tələbləri, o cümlədən ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) hazırladığı “NICE Framework”, Beynəlxalq Hesablama Maşınları Assosiasiyası (ACM) və IEEE Kompüter Cəmiyyətinin birgə hazırladığı “Kibertəhlükəsizlik üzrə kurrikulum tövsiyələri” kimi beynəlxalq mənbələrdən istifadə edilib.
MÖVZU İLƏ BAĞLI:
Beynəlxalq Kiber Yay Məktəbinin açılışı oldu - FOTO
Yeni təhsil proqramının dörd modul, uyğun olaraq informasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi modulları üzrə peşə kompetensiyalarını əhatə etməsi planlaşdırılır.
Proqram çərçivəsində informasiya təhlükəsizliyi ilə yanaşı, kibertəhlükəsizlik sahəsində də kadr hazırlığı üçün müvafiq fənnlərin tədrisini nəzərdə tutur.
Texnoloji yeniliklər nəzərə alınmaqla, proqrama ixtisasa giriş məqsədi daşıyan “İnformasiya təhlükəsizliyinin əsasları”, o cümlədən “Bulud təhlükəsizliyi”, “Elektronika və IoT cihazların təhlükəsizliyi”, “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi”, “Mühəndis etikası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” və bu kimi yeni ixtisas fənnləri daxil edilib.
Qeyd olunanlarla yanaşı, ölkəmizdə proqram təminatı kodlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində yaranmış kadr ehtiyacının ödənilməsi məqsədilə “Təhlükəsiz proqramlaşdırma”, “Nüfuzetmə sınaqlarının əsasları”, “Verilənlər bazalarının təhlükəsizliyi” və s. bu kimi zəruri ixtisas fənnlərinin də proqram çərçivəsində tədrisi nəzərdə tutulur.
Yeni proqramda əmək bazarı subyektlərilə əlaqələrin yaxşılaşdırılması, proqramın əmək bazarının mövcud tələbləri ilə uzlaşdırılması, tələbələrin müvafiq peşə ixtisasına aid aktual məsələlərlə bağlı məlumatlılığının təcrübə əsasında artırılması məqsədilə ustad dərsləri də nəzərdə tutulub. Ustad dərsləri həm yerli və həm də xarici əmək bazarından yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması vasitəsilə təşkil olunacaq.
Yeni təhsil proqramından məzun olan şəxslər gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində əmək bazarının ən son tələbatına uyğun peşələr üzrə çalışa biləcəklər.
Proqramda bir çox yeniliklərin olduğu nəzərə alınaraq, ali təhsil müəssisələri və əmək bazarı subyektləri arasında koordinasiya işinin təşkil edilməsi, həmçinin mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan metodiki dəstəyin verilməsi məqsədilə AKTA (Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası) ilə birgə fəaliyyət perespektivləri nəzərdə tutulur.
Bakalavriat səviyyəsində “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə yeni təsdiq olunmuş Təhsil Proqramının 2022/2023 tədris ilindən etibarən tətbiq edilməsi nəzərdə tutulur.
Bizim.Media