Qırx dörd gün davam edən Vətən müharibəsi xalqımızın qəhrəman oğul və qızları ilə yanaşı onların sağlamlığı keşiyində dayanan fədakar həkimləri də tanıtdı. Şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsində onların da xüsusi əməyi var. Belə fədakar həkimlərdən biri də Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının müəllimi, plastik rekonstruktiv və estetik cərrahiyyə üzrə mütəxəssis Adil Cümşüdovdur.
Bizim.Media bildirir ki, müharibə başlayan vaxt yaralı hərbçilərin müalicəsi ilə məşğul olmaq üçün könüllü olaraq cəbhə bölgəsinə yollanan Adil həkim sentyabrın 29-dan Naftalan Xəstəxanasında və Gəncə Beynəlxalq Xəstəxanasında 10 gün ərzində yaralılara tibbi yardım göstərib, hərbçilər üzərində mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlarını uğurla yerinə yetirib. Həkimin səyi ilə yuxarı və aşağı ətraflarda, baş-boyun və üz nahiyəsində zədələr almış hərbçilər təcili və planlı şəkildə əməliyyat olunublar.
Sonra səhhəti ilə əlaqədar Bakıya qayıdan cərrah Tədris Cərrahiyyə Klinikasında fəaliyyətə başlayıb. Cəbhə bölgəsində yaralılar üzərində apardığı əməliyyatları müharibə başa çatandan sonra işlədiyi klinikada davam etdirib. Etdiyi əməliyyatları peşəkar həkim heyəti ilə mərhələli şəkildə aparmalı olub.
Plastik rekonstruktiv və estetik cərrahiyyə üzrə mütəxəssis əməliyyat nəticəsində Orxan adlı bir yaralı hərbçinin ağır zədə almış çənə, dodaq, boyun və dilaltı toxumalarını bərpa edib. Damar ayaqcıqlı olaraq baldırdan, incik sümüyü, əzələ və dərialtı toxumanı sərbəst fleb halında hazırlayaraq incik damarları ilə birlikdə götürərək boyun nahiyəsinə transfer edib.
Yaralı hərbçinin sümüklə çənə, əzələ ilə dilaltı hissə, dərialtı toxuma ilə alt dodağı və boynu bərpa olunub. Köçürülən toxumanın qidalanması üçün götürülən pereneal arteriyanı mikrocərrahiyyə üsulla on dəfə böyüdərək qalxanabənzər vəzin yuxarı arteriyasına və venasına anastomoz edib.
İstifadə etdiyi saplar saçdan nazik, tikdiyi damarlar isə 2 millimetr diametrində olub. Belə mürəkkəb əməliyyat isə inkişaf etmiş ölkələrin klinikalarında aparılan nadir əməliyyatlardan hesab olunur.
"Adil Cümşüdov onu duyğulandıran məqamlardan bəhs edərək deyib: "Şuşa uğrunda döyüşlərdə yaralanan bir əsgərin qopan barmağını mikrocərrahiyyə üsulla əməliyyat nəticəsində bərpa etmişdim. O, əməliyyat edilməmişdən əvvəl döyüş zamanı üz nahiyəsi və çənəsi dağılmış dostundan nigarançılığını, sağ qalıb-qalmadığını öyrənmək istədiyini bildirdi. Onun qopmuş barmağını mikrocərrahi üsulla tikərək bərpa etdim".
"Orxanı əməliyyat ediləndən təxminən iki həftə sonra barmağını bərpa etdiyim əsgərin telekanalların birində danışığına rast gəldim. O, həyəcanla dostunun yaralandığını və onun sonrakı taleyindən xəbərsiz olduğunu söyləyirdi. Ekrandan əsgərin şəklini çəkib Orxana göstərdim. O, əsgəri tanıyaraq onun dostu olduğunu dedi. Bu hadisə qəlbimdə unudulmaz və xoş duyğular oyatdı..."
"Naftalan xəstəxanasında "Kobra" ləqəbli bir kəşfiyyatçı yaralı halda xəstəxanaya qəbul edilmişdi. Cərrahiyyə əməliyyatı nəticəsində onun boynundan qəlpə və giliz çıxartdım. Yaralar boyun nahiyəsinin eyni yerində olduğundan mənim təəccübümə səbəb oldu. Ertəsi gün ondan eyni nahiyədən yara almasının səbəbini soruşdum. Dedi ki, əvvəl boynumdan qəlpə yarası alsam da, döyüşü bir neçə saat davam etdirdim".
"Sonra həmin yerdən güllə yarası da aldım. Əlimlə yaranın ağzını tutaraq qanaxmanın qarşısını aldım, atəş açaraq məni yaralayan erməni hərbçisinin üstünə gedib, onu məhv etdim. Döyüşçünün bu qorxmazlığı və şücaəti məni heyran etdi. Onun gözlərində zərrə qədər də qorxu hissi yox idi...".
Cərrah söhbəti zamanı universitetin Tədris Cərrahiyyə Klinikasında indiyədək 200-dən çox yaralı hərbçi üzərində mürəkkəb cərrahi əməliyyatları icra olunduğunu, klinikada həkimlərin əməliyyat aparmasına hər cür şərait yaradıldığını qeyd edib.
Onun dediyinə görə, müharibə zamanı alınan yaralar təbii ki, 2-3 ay ərzində sağalmır. Yaralıların reabilitasiya müddəti tez başa çatmadığına görə klinikada həmin proses davam etdiriləcək. (Azərtac)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:35 / 16.01.2021
"Eyni nahiyədən yaralanması təəccübümə səbəb olmuşdu" - Cərrahın cəbhə xatirələri
Hazırda oxunan: "Eyni nahiyədən yaralanması təəccübümə səbəb olmuşdu" - Cərrahın cəbhə xatirələri
Hazırda oxunan: "Eyni nahiyədən yaralanması təəccübümə səbəb olmuşdu" - Cərrahın cəbhə xatirələri
8649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.