Azərbaycan dilinin problemləri nədir? – Suala yazıçılar CAVAB VERİR

Hazırda oxunan: Azərbaycan dilinin problemləri nədir? – Suala yazıçılar CAVAB VERİR

86463

Bu gün 1 Avqust Azərbaycan Dili günüdür. Tarixin dərin sınaqlarından süzülüb gələn ana dilimiz bu gün müstəqil Azərbaycan Respublikasının rəsmi dilidir. 

Bəs, ən böyük mənəvi sərvətimiz olan dilimizi qoruyub gənc nəslə incəlikləri ilə sevdirə bilirikmi? Hansı mövcud problemlərdən dolayı Azərbaycan dili bu gün öz inkişafını davam etdirə bilmir?

Bizim.Media-nın sorğusuna qoşulan filoloq Səhər Əhmədin fikrincə, Azərbaycan dilini inkişafdan saxlayan problemlər sırasında orfoepiya və orfoqrafiya qaydaları arasında xeyli lazımsız fərqlərin olmasıdır:

“Orfoqrafiya və orfoepiyanın eyniləşdirilməsi hazırda dildə yaranan xeyli problemin həllərindən biri ola bilər. Digər məqam ortaq türkcənin tətbiq edilməsidir ki, bu da dilimizdəki mövcud problemləri xeyli asanlaşdıracaq. Deyərdim ki, türkcədə mövcud sinonimlər dilimizə tətbiq edilməlidir. Həmçinin ortaq türkcənin tətbiqi ilə dilimizdə fellərdən xeyli türk mənşəli yeni sözlər yarana bilər ki, bu da dilimizi inkişafa aparacaq”.

Ekspert dilimizdəki mövcud problemləri hələ də, dildə ərəb-fars mənşəli sözlərə geniş yer verilməsi və əksər Tv verilişlərinin aparıcılarının dilimizin özəlliklərindən bixəbər olması ilə əlaqələndirib:

“Leksikonumuzdakı hər beş sözdən biri ərəb-fars mənşəlidir. Bu isə dil istifadəçilərində çaşqınlıq yaradan əsas səbəblərdən biridir. Başqa bir məqam odur ki, gənclər milli dilimizdə yazılan ədəbiyyatdan xəbərsizdirlər. Oxumaq və ana dilinə dərindən yiyələnmək istəmirlər. Adətən çox insan televiziyada gördüyü məişət danışığını mükəmməl qəbul edir. Çünki insanlarda o təsəvvür var ki, əgər televiziyada buna icazə verilirsə, deməli doğrudur”.

Texnoloji inkişafın dilimizə gətirdiyi “Vatsap” ,“Feysbuk” və s. sözlərə münasibət bildirən yazıçı Şərif Ağayarsa, bu məsələ xüsus həssaslıq tələb etdiyini qeyd edib: 

“Elə arxaik və dialekt sözlər ola bilər ki, biz onlardan adekvat istifadə edə bilərik. Məsələn “ismarış” sözü köhnəlmiş sözdür, amma “mesaj” sözünün qarşılığı kimi  çox yaxşı işlənir. Dilimizin inkişafı üçün müəllif yazıları və nəsr əsrləri çox yazılmalı və funksional olmalıdır. Mətbuatda və ədəbiyyatda məhz bu janrlara tələbat olmalıdır ki, gənclər də yeni ənənə formalaşsın. Yeni sözlərin dilə gəlməsi, köhnə sözlərin istifadədən çıxması nəinki təbii, hətta zəruri prosesdir, ancaq bu məsələyə mütəxəssislər, xüsusən də, qələm adamları həssaslıqla yanaşmalıdırlar”. 

Yazıçı açıqlaması zamanı öz doğma dilini yaxşı bilməyənlərdən də danışıb:
 

“Təəssüf ki, bu gün bəzi gənc yazarları oxuyanda adama elə gəlir ki, tərcümə əsəri oxuyursan. Bu ilk növbədə dili hiss etməməkdən qaynaqlanır. Mən dilimizi yaxşı bilməyənlərə məsləhət görürəm ki, nağıllarımızı, dastanlarımızı və dastanlarımızdakı şeirləri diqqətlə oxusunlar.


Sonra 30-50-ci illər ədəbiyyatını - Süleyman Rəhimov, Bayram Bayramov, Mirzə İbrahimov, Əli Vəliyev, sonrakı illərdə Əkrəm Əylislini, İsi Məlikzadəni, Mövlud Süleymanlını dilə diqqət edərək oxusunlar. Mən buna yazıçı oxuması deyirəm. Bu gün bizim çağdaş türk ədəbiyyatından və kino sənayesindən geri qalmağımızın başlıca səbəblərindən biri müasir dilimizi tam formalaşdıra bilməməyimizdir”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin