İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti “Sədərək” Ticarət Mərkəzini məhkəməyə verib.
Xidməti “Sədərək” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi müddət boyunca icarə pulu ödəmədiyini iddia edir. Qurum ticarət mərkəzinin rəhbərliyindən icarə müqaviləsinin bağlanılmasını tələb edir.
Əmlak Məsələləri Dövlət Xidməti bildirib ki, ticarət mərkəzi dövlətə məxsus torpaq ərazisində fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində dövlət xidmətinə icarə pulu ödənilməyib.
Amma bəlli olmayan səbəblərə görə məhkəmə 7-ci dəfə təxirə salınıb.
Bakı Şəhər İcra Hakimiyyətinin maraqlı tərəf kimi iştirak etdiyi məhkəmə prosesi 4 aydır davam edir. Dövlət Xidmətinin iddiası əsasında Bakı Kommersiya Məhkəməsində aprel ayının 19-dan iyul ayının 28-ə kimi 7 iclas keçirilib və hamısı təxirə salınıb. Növbəti 8-ci məhkəmə iclası 09.08.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə keçiriləcək.
Məhkəmənin hansı hallarda təxirə salına biləcəyilə bağlı tanınmış hüquqşünas Əsabəli Mustafayevin fikirlərini öyrəndik.
O bildirdi ki, “işə baxılmasının təxirə salınması Mülki Prossesual Məcəlləsinin 188-ci maddəsi ilə tənzimlənir:
“Məsələn, tərəflərdən biri məhkəmə iclasına gəlmir, qarşılıqlı iddialar olan zaman, tərcüməçinin iştirakına ehtiyac duyulduğu zaman və digər hallarda məhkəmə iclası təxirə salına bilər. Bir sözlə Məcəllədə bu ətraflı şərh olunur. Lakin, məhkəmə 3 dəfədən artıq təxirə salına bilməz. Bu yeni normadı. Əvvəllər belə bir norma yox idi”.
Əsabəli Mustafayev onu da bildirdi ki, “Mülki Prossesual Məcəlləsi”nin 172-ci maddəsinə əsasən müxtəlif işlərə müxtəlif müddətlərdə baxılır:
“Məsələn, işə bərpa, aliment tutulmasına görə 2 ay, iflas və ipoteka haqqında iddialara 3 ay, qalan işlərə isə 4 ay müddətində baxılıb, qərar çıxarılmalıdır. Bununla belə məhkəmə işə baxan hakim tərəfindən daha 2 ay uzadıla bilər. Bu o zaman olur ki, tərəflərdən birini heç cür məhkəməyə gətirmək olmur, yaxud ağır xəstədir. Və yaxud iş üzrə ekspertiza təyin edilməsinə ehtiyac var. Ekspertizanın rəyini gözləmək lazım gəlir və ilaxır. Yalnız bu kimi hallarda məhkəmə uzadıla bilər”.
Mübahisə ilə bağlı diqqətçəkən məqamlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə maraqlı şəxs qismində cəlb olunmasıdır. Belə ki, “Sədərək” firması bu günə qədər BŞİH-in sərəncamı əsasında fəaliyyət göstərirmiş.
Məlumat üçün bildirək ki, “Sədərək” Firaması 22.11.1995-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 220 manat olan firmanın hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Bilal Niftaliyev, ev 45, m. 60-da yerləşir. Firmanın qanuni təmsilçisi Yusif Qədimbəylidir.
Məsələnin aktuallığını nəzərə alıb mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media