Azərbaycan bazarında TƏHLÜKƏLİ ŞPRİSLƏR – “Qara rezinlilər zəhərlənmə verir”

Hazırda oxunan: Azərbaycan bazarında TƏHLÜKƏLİ ŞPRİSLƏR – “Qara rezinlilər zəhərlənmə verir”

86444

Ölkəmizdə şpris istehsalı var. Yeni qurulmuş Şpris fabriki fəaliyyətdədir. Hətta istehsalı beynəlxalq standarlara cavab verən bu fabrik, yaxın günlərdə Rusiya bazarına çıxmağa da hazırlaşır.

Amma Azərbaycan səhiyyəsində hələ də xaricdən alınmış insanların həyatı üçün təhlükə mənbəyinə çevrilən şprislər satılmaqdadır.

Heç kim də buna əhəmiyyət vermir. Əslində ölkəmizə gətirilən şprislər Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilməli və Standartlaşdırma İnstitutunun rəyi alınmalıdır. Məsələn, 2019-cu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutu idxal olunan şprislərin monitorinqini aparıb. Rusiyada akkreditə olunmuş laboratoriyada yoxlanılan nümunələrdən məlum olub ki, gətirilən şprislər heç biri standarta cavab vermir.

Amma nəticə etibarı ilə sonradan bu şprislər insanların istifadəsinə buraxıldı, xeyli də neqativ hallarla müşahidə olundu. Əslində bunun özü də terrorun bir növüdür.

Ölkədə insanların sağlamlığı ilə kimlər oynayır? 

Məsələ ilə bağlı Bizim.Media Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynovla həmsöhbət olub. Hüquq müdafiəçisi zəruri izahatlar verib. Onun açıqlamasına görə, adətən şprislər 2 və 3 hissəli olur. DİQQƏT VERİN:

“3 hissəli şprislərdə porşenin ucunda qara rezin hissə olur, 2 hissəli şprislərdə isə bu olmur. Artiq dünyanın ən qabaqcıl ölkələrində 3 hissəli şprislərdən imtina ediblər. Çünki, 3 hissəli şprislərin istehsalı zamanı istifadə olunan qara rezin hissə təhlükə mənbəyidir. Həmin qara rezin hissə müəyyən dərman vasitələri ilə reaksiyaya girə bilir və nəticədə rezin hissədən qopan hissəciklər inyeksiya zamanı ciddi fəsadlar yaradır”.

Azərbaycanda qəbul olunmuş AZS 877 standartı yalnız 2 hissəli şrpsilər üçün nəzərdə tutulub. 3 hissəli şprislərin bizdə standartı yoxdur. Bəs onda bazarımıza bu şprislər hansı yolla çıxarılır?

Əyyub Hüseynov da əlavə etdi ki, hazırda bazarın 80%-dən çoxunda standartlara uyğun olmayan şprislər satılır:

“Bu şprislərin silindirinin üzərindəki bölgü şkalasına əllə toxunanda pozulur. Silindiri çox bulanıq və qara rəngdə olan porşenin sonluğunda yağa bənzər maddə çox ciddi təhlükə mənbəyidir. Çox qaldıqda burda pas yaranır. Bundan əlavə həmin şprislərin üzərindəki məlumatlara diqqət yetirdikdə məlum olur ki, şprisin qablaşdırmasında qeyd olunan adda istehsalçı ümumiyyətlə mövcud deyil”.

Müsahibimiz keyfiyyətsiz və insan sağlamlığı üçün şprislərin əsasən Çindən və Cənubi Koreyadan gətirildiyini də bildirdi:  

“Bəzi şprislər üzərində qeyd olunub ki, müəyyən maddələrlə istifadə oluna bilməz. Belə bir şpris növü heç bir standarta cavab vermir. Üstəlik, xəbərdarlıq xarici dildə və xırda şriftlərlə yazıldığından istehlakçılar buna əhəmiyyət vermir”.

Yenidən qayıdırıq o məsələyə ki, ölkəmizdə şpris istehsalı var. Hətta istehsalı beynəlxalq standarlara cavab verən bu fabrik yaxın günlərdə Rusiya bazarına çıxacaq. Bəs onda bu fabriki öz ölkəmizdə niyə çıxışdırırıq, öz əhalimizə keyfiyyətli məhsulun verilməsində niyə maraqlı deyilik?

Mövzunu davam etdirəcəyik.

Surxay Atakişiyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin