“Qarşıdakı dövrdə Elm və Təhsil Nazirliyində kadr dəyişikliyinin və digər təyinatların da şahidi olacağıq. Eyni zamanda Nazirliyin tərkibində yeni yaradılan agentliklərə daha peşəkar şəxslərin təyin olunmasını görəcəyik”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi Elm və Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılması və daha ağır yükün altına girməklə bu işlərin öhdəsindən gələ biləcəyi ilə bağlı məsələdən danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradıldı - FƏRMAN
Onun sözlərinə görə ümumtəhsil, məktəbəqədər, ali təhsil və elmin nazirlikdə mərkəzləşməsi onların işinin çətinlik səviyyəsini əvvəlki dövrlə müqayisədə artırıb:
“Bilirsiz ki, ölkə başçısı tərəfindən 2021-2026-cı illə bağlı bütün sahələr üzrə strateji plan hazırlandı. Bu plana təhsil də daxildir. AMEA ilə bağlı fərman da bunun bir tərkib hissəsidir. Nazirliyin tabeliyində iki ayrı agentlik yaradıldı. Hansı ki, bu agentliklər elm və ali təhsil üzrə, o cümlədən məktəbəqədər və ümumtəhsil üzrədir. Bir növ həmin funksiların icra prinsipində bu agentliklərə ixtiyarlar verilir. Agentliklərin konkret işi həm AMEA-dan gələn institutların idarə olunması, həm də ali təhsil və bağçalarla bağlı hesabatı nazirliyə təqdim etməkdən ibarət olacaq”.
Ekspert qeyd edib ki, son dövrlərdə Akademiyanın hər hansı və ya elmi nailiyyəti yox idi:
“Həmçinin dövlət büdcəsinin elmə maliyyəsi az idi. Akademiyaya gedən gənc alimlərimizin sayı həddən artıq azalmışdı. Bunun da başlıca səbəbi onlara yardılan bürokratik əngəllər, maliyyə imkanlarının zəifliyi və əməkhaqqının azlığı idi. Bütün bunlar AMEA-nın inkişafına əngəl törədən əsaslardan biri idi. Sonrakı dövrdə bu məsələrlər öz həllini taparsa, həm gənc alimlərin Elm və Təhsil Nazirliyinin müvafiq institutlarda çalışmalarına imkan yaranacaq, həm də gələcəkdə müsbət mənada bir çox məqamlar dəyişəcək. Elm və təhsilin mütəşəkkil formada paralel inkişafı, bir-birinə dəstəyi və bir mərkəzdən idarə olunması daha məqsədəuyğundur. Hansı ki, dünyanın ayrı-ayrı ölkələrində elm və təhsil bir qurumda cəmləşirdi. Məhz bu birgəlik təhsil üçün mühüm töhfələr və qatqılar verə bilər”.
Elm və Təhsil nazirinin ümumilikdə bu qədər işin öhdəsindən gəlməsi məsələsinə gəlincə, Elçin Əfəndi əsas hədəf kimi düzgün kadr islahatının həyata keçirilməli olduğunu məqbul sayıb:
“Yalnız aidiyyəti üzrə kadrların prosesə cəlb olunması vacibdir. Yaradılmış agentlikləri, nazirliyə verilən AMEA-nın müvafiq institutlarını potensial heyət idarə etməlidir. Bu, baş verərsə, gələcəyə nikbin baxmaq olar”, -deyə o, əlavə edib.
Alçina Amilqızı, Bizim.Media