Tenderlərin keçirilməsində hansı qanun pozuntularına yol verilir? - ARAŞDIRMA

Hazırda oxunan: Tenderlərin keçirilməsində hansı qanun pozuntularına yol verilir? - ARAŞDIRMA

86077

Dövlət qurumlarının həyata keçirdiyi tenderlərdə tez-tez neqativ hallarla rastlaşılır. Mətbuatın da dəfələrlə yazdığı kimi, elə məmurlar var ki, səlahiyyətlərindən istifadə edərək keçirilən tenderlərin qaliblərini öz yaxın ətrafının və tanışlarının şirkətlrəini elan edirlər.

“Dövlət satınalmaları haqqında” qanuna görə 30 faizdən çox səhmi dövlətə məxsus qurumlar dəyəri 5 min manatdan yuxarı olan iş və xidmətlər üçün kotirovka sorğusu, 50 min manatdan yuxarı iş və xidmətlər üçünsə tender keçirməlidir. Vizual olaraq bütün dövlət təşkilatları qanunun bu tələbinə əməl edir. Lakin, tender prosesində bəzi nöqsanlara yol verilir ki, bu da təbii ki, müəyyən suallar doğurur. Məsələn, 20 gün əvvəl yaradılmış hansısa şirkət tenderdə necə iştirak edir və qalib çıxır?

Tenderdə peşəkarlıq yox, ucuz qiymət əsas götürülür

Təəssüf ki, vergi borcu olan şirkətlər bu gün daha çox tender qalibi olur. Adının çəkilməsini istəməyən şirkət sahibi bildirdi ki, “vergi borcu olub tenderdə qalib olanlar da, 20 gün əvvəl şirkət yaradıb tenderdə qalib çıxanlar da bu və ya digər şəkildə sifarişçi təşkilata bağlı müəssisələrdir:

“Adətən qurumlar özlərinə yaxın şirkətləri tenderlərdə qalib çıxarırlar. Bunun da sadə yolu var. Qalib olacaq şirkət əvvəlcədən separat danışığa gedir və özünə yaxın olan 3-4 şirkəti də özünə rəqib kimi tenderə qoşur. Və iddiaçılar arasında ən aşağı qiyməti isə özü qoyur. Tender komissiyası da təbii ki, ən aşağı qiymət qoyan şirkəti qalib elan edir”.

“Dövlət satınalmaları haqqında” qanunda boşluqlar var 

“Dövlət satınalmaları haqqında” qanunda tövsiyyə (tələb yox, haaa) olunur ki, iddiaçının (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti yoxlanılmalıdr. Qanundakı bu boşluq isə imkan verir ki, ixtiyari şirkət tenderdə iştirak etsin. Və yaxud qanunda iddiaçının bank fəaliyyəti, yəni maliyyə durumu əsas götürülür. Amma onun vergi borcu araşdırılmır. Çünki, tez-tez rast gəlinir ki, tender iştirakçılarını külli miqdarda borcu var.

Bəs bu cür nöqsanlara niyə göz yumulur?

Sualımıza aydınlıq gətirən iqtisadçı-ekspert Əkrəm Həsənov “Dövlət satınalmaları haqqında” qanunun 2001-ci ildə qəbul edildiyini və bu günün tələblərinə cavab vermədiyini söylədi:

“Qanunda bir sıra boşluqlar var. Və bu boşluqlar da qanunpozuntularına şərait yaradır. Məsələn, qanun qadağan etmir ki, iş və xidmətləri görmək istəyən iddiaçının peşəkarlığı və təcrübəsi nəzərə alınsın. Dünən yaradılan şirkət bu gün tenderdə iştirak edə bilər. Bu isə düzgün deyil. Qanunda bununla bağlı hansısa şərtlər olmalıdır. Bundan əlavə vergi borcu olan iddiaçının tenderdə iştirakı yolverilməzdir”.

Keçiriləcək tenderlər gizlədilir

Əkrəm Həsənov onu da əlavə etdi ki, ölkəmizdə keçirilən tenderlərin 99 faizində qanun pozuntuları var:

“Yəni, qabaqcadan hər kəs bilir ki, hansı tenderin qalibi hansı şirkət olacaq. Qanunda göstərilir ki, dövlət təşkilatarı ilin əvvəllərində Satınalmalar portalında qarşıdakı il üçün keçirəcəyi tenderlərin siyahısını dərc etməlidir. Hanı, kim eləyir onu? Girin baxın həmin portala görün mən deyən düzdür, yoxsa səhv. Dövlət satınalmalarında qanunsuzluq hökm sürür, bunun qarşısı ümidvaram ki, tezliklə alınacaq. İslahat rüzgarı oradan da əsəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin