Sökülən binada mənzillərindən çıxmaq istəməyən sakinlərin TƏLƏBİ NƏDİR? – Aqil Abbas “MƏHKƏMƏ” dedi 

Hazırda oxunan: Sökülən binada mənzillərindən çıxmaq istəməyən sakinlərin TƏLƏBİ NƏDİR? – Aqil Abbas “MƏHKƏMƏ” dedi 

86070

Xəbər verdiyimiz kimi ötən gün paytaxtın Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binadan köçmək istəməyən sakinlərin mənzillərinin qapılarının sındırıldığı, evlərinin yararsız vəziyyətə salındığı barədə video yayılıb. Və iddia edilir ki, bu işlərə Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir və onun tapşırıqları ilə icra olunur.

Sakinlər 2200 manat razı deyillər

Məsələ ilə bağlı videonu paylaşan vəkil Cavad Cavadovla əlaqə saxladıq. O, Bizim.Media-ya bildir ki, “söhbət Cavanşir körpüsünün sağındakı çoxmərtəbəli binadan gedir.

Bu yaxınlarda Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri bina sakinlərinə bildiriş paylayıblar ki, bina dövlət əhəmiyyətli obyektin tikintisinə görə plana düşüb, sökülməlidir.

Bina sakinlərinə isə hər kvadratmetr üçün 2200 manat vəsait ödəniləcəyi bildirilib. Amma bir çox sakinlər təklif olunan qiymətlə razılaşmır. Əsas da odur ki, bu ərazidə mənzilin bir kvadratmetri 2200 manatdan bahadır. Üstəlik, ərazi çox əlverişlidir. Şəhərin mərkəzidir. Burdan bulvara 300-400 metrdir. Bəzi sakinlər isə mənzili yeni aldıqlarını və təmirə xeyli vəsait xərclədiklərini əsas gətirirlər. Çünki, ən yaxın ərazidə məsələn “Ağ şəhərdə” təmirsiz evin qiyməti 2200 manatdan bahadır”.

Vəkil daha sonra onu da əlavə etdi ki, “19 sakinin vəkiliyəm. Onların heç biri təklif olunan qiymətlə razı deyil. İyulun 27-də baş verən insidentlə bağlı biz artıq Xətai rayon prokurorluğuna müraciət etmişik”.

Məsələ ilə bağlı Zülfəli İsmayılovla da telefon əlaqəsi saxladıq. O, faktı təsdiq etsə də məsələ ilə bağlı danışmaq istəmədi. Bildirdi ki, “yaxşı olar ki, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlayın. Onlar daha müfəssəl cavab verər”.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə zənglərimizə cavab verilmədi. Bu cür mübahisələr məhkəmə predmetidir.

Məsələyə münasibət bildirən Millət vəkili Aqil Abbas son vaxtlar bu cür hallara tez-tez rast gəlindiyini söylədi: 

“Belə məsələlərdə bəzən sakinlər, bəzənsə podaratçı təşkilatlar haqlı olur. Eyni zamanda, tərəflərdən hansısa biri vəziyyətdən sui-istifadə edir. Məsələn, sakin var deyir ki, bura mənim üçün əzizdir, qiyməti də budur. Və yaxud əksinə. Bütün hallarda bu cür mübahisəli məsələlər məhkəmə predmetidir. Narazı tərəf hökmən məhkəməyə müraciət etməlidir. Eyni zamanda kiminsə evi zorla əlindən alına bilməz”.

Məsələnin aktuallığını nəzərə alıb mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin