AMEA-da yeni DÖNƏM – Elmimiz Mehdiyev şəbəkəsindən qurtula biləcəkmi?

Hazırda oxunan: AMEA-da yeni DÖNƏM – Elmimiz Mehdiyev şəbəkəsindən qurtula biləcəkmi?

86066

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 28-də imzaladığı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bununla da uzun müddətdir fəaliyyət(sizliy)ilə Azərbaycan elmində buxova çevrilən AMEA-nın əvvəlki strukturu tamamilə dəyişdirilib. 

Əslində AMEA-nın acınacaqlı vəziyyəti elm xadimləri və ziyalıları da ciddi narahat edirdi. Çünki son illərdə Akademiyanın adı, demək olar ki, yalnız neqativliklərlə hallanıb. 

Doğrudur, elmimizin mərkəzinin müstəqillik dönəmində elmə verdiyi töhfələrlə bağlı ağız dolusu təriflər yağdırmaq da mümkün deyil. Çünki dünya elminin bu gün gəldiyi səviyyə göz önünüdədir. AMEA isə bu dövr ərzində gülümsərovluq ənənələrindən qopa bilmədi. Onların elm üçün hansı işləri gördüyü nə özlərinə agah oldu, nə də cəmiyyətimiz bundan bir fayda gördü. 

Lakin ən azından 2019-cu ilə qədər AMEA-nı yarıtmaz elmi fəaliyyətinə görə tənqid etmək mümkün idi. Həmin ildəki rəhbər dəyişikliyindən sonra isə, “elmlər” kəlməsi Akademiyanın qarşısında yalnız formal olaraq qaldı. Elə “milli” kəliməsi də...

Elmimizin qara oktyabrı

2019-cu ilin oktyabrın 23-də Ramiz Mehdiyev Elmlər Akdemiyasında prezident olaraq fəaliyyətə başladı. Bu günü elmimizin tarixinin qara günü adlandırsaq, yəqin ki, oxucular da bizimlə razılaşar. Mehdiyevin 74 illik tarixi olan AMEA-nı biabırçı duruma gətirməsi üçün 74 gün belə gərəkmədi. 
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Mehdiyevin istefası: BTB Bankın və AİLƏ TV-nin gələcəyi necə olacaq?


2019-cu ilin payızından etibarən Azərbaycan elmində “yarpaq tökümü” başladı. Həyatını bu elm ocağına həsr etmiş bir sıra alimlərimiz elmə küsdürüldü, necə “akademik” olduqları hər kəsə agah olan şəxslər Akademiyanın rəhbər vəzifələrinə gətirilməyə başlandı. Bu dönəmdə AMEA-da verilən qərarların absurdluğu, təyinatların gülünclüyü isə hər kəsi narahat etməyə başladı. İlk növbədə də elm cameəsini.

Bəziləri Mehdiyevin “reform”larına boyun əysələr də, bir çoxları susmadı, milli akademiyanın başına gətirilənlərlə əllərindən gəldikləri qədər mübarizə apardılar.

Məsələnin ən acınacaqlı tərəfi isə AMEA-nın siyasi oyunlar meydanına çevrilməsi oldu. Cəmiyyətin akademiyadan elmi kəşflər, araşdırmalarla bağlı xəbərlər gözlədiyi bir vaxtda siyasi mesajlar gəlməyə başladı. Özünü böyük adam sayan Mehdiyev siyasi intirqalarını AMEA pərdəsi arxasında gizlənərək davam etdirməyə başladı. Onu tənqid edənlərə veriləcək cavabı olmadığı üçün elm ocağının adı ilə danışmaq yolunu tutdu.

Mehdiyevin gəlişi ilə əsası qoyulan elm ocağının siyasiləşməsi dönəmində alimlər arasında elə təfriqələr salındı ki, onlar da işlərini güclərini buraxıb, istər-istəməz qoca akademikin oyunlarına alət oldular.

Özü getdi, izi qaldı...

Doğrudur, bu ilin fevralında AMEA-da Mehdiyev erası başa çatdı. Problemlərsə başa çatmadı. Çünki Ramiz Ənvəroviçin qara kölgəsi Akademiyanın üzərində qalmaqda davam etdi. Mehdiyev AMEA-dan de-yure olaraq getsə də, de-fakto qalmağa davam etdi, bunu gizlətməyə ehtiyac da görmədi. İstefasından cəmi bir ay sonra Rusiya Elmlər Akademiyasının Prezidentilə görüş yeri kimi, yenə də AMEA-nın binasını seçdi. Bu da Akademiyanın qoca akademikdən canını qurtara bilmədiyini bir daha göstərdi.

Digər tərəfdən Mehdiyevin xeyir-duasıyla AMEA-nın qapısından keçənlər də öz işlərində qalmağa davam etdilər.

Bir sözlə, “akademik”in AMEA-ya vurduğu zərər o qədər böyük idi ki, nə onun gedişi, nə də islahatlar yoluyla bundan qurtulmaq qeyri-mümkün idi. Burada yuva salmış Azərbaycandan və elimdən başqa hər kəsin maraqlarına xidmət edən şəbəkə metastaz vermişdi. Getdikcə daha içərlərə doğru hərəkət etməyə çalışırdı. 
 

Ona görə də, son nəticədə ciddi dəyişikliklərin edilməsi zərurətə çevrildi. Mehdiyev ənənələrini AMEA-nın canından çıxarmaq, elmimizi xilas etmək üçün Akademiyada köklü dəyişikliklər edildi. Artıq Akademiyanın yeni strukturu heç kimə elm ocağını şəxsi maraqlarını alətinə, eləcə də siyasət meydanına çevriməyə imkan verməyəcək.


Sonda isə ümid edirik ki, 23 oktaybr elmimiz üçün qara gün olduğu kimi, 28 iyulu da elmimizin xilası günü kimi xatırlayacağıq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin