Ruslar Xaçmaz şaftalısını da pomidoru kimi çox sevirlər - FOTO

Hazırda oxunan: Ruslar Xaçmaz şaftalısını da pomidoru kimi çox sevirlər - FOTO

86044

Pomidoru ilə məşhur olan Xaçmaz rayonunda şaftalı meyvəsi də alıcılar arasında adla seçilir. 
Rayonda sortundan asılı olaraq şaftalı yığımına iyun ayından başlanılıb və hazırda davam edir.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya verilən məlumatda rayonda 2932 hektar şaftalı bağı olduğu deyilib.  

Bunun 239 hektarı yeni salınmış meyvə sahəsidir. Bildirilib ki, keçən il hektardan məhsuldarlıq 33,8 sentner təşkil edib. Bu ilki məhsuldarlıq isə yığım davam etdiyindən hələ açıqlanmır. 

Amma mütəxəssislər məhsulun bu il daha bol və keyfiyyətli olduğunu deyirlər. Xaçmazda şaftalı meyvəsinin vətəni əsasən Nərəcan və Ağtala kəndləri sayılır.  

Yerli icra nümayəndəliyinin məlumatına görə, Nərəcan kəndində 1000 hektar şaftalı bağı var. Meyvəçiliklə məşğul olan fermerlər hazırda məhsulun satışında hər hansı problem yaşamadıqlarını deyirlər. 

Xaçmaz İH başçısının Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümsyəndəsi Zaur Şərifov Bizim.Media-ya bildirib ki, şaftalıya yerli və Rusiya bazarlarında tələbat çox olduğundan problem müşahidə edilmir: 

“Toplanan meyvə soyuducularda yığıldıqdan sonra Rusiya bazarlarına yola salınır. Ruslar təkcə Xaçmazın pomidorunu deyil, şaftalısını da çox sevirlər".  

Amma Xaçmaz meyvəciləri il ərzində şaftalıya qulluq edərkən istifadə etdikləri xarici istehsallı kimyəvi dərmanların çox baha olduğunu deyirlər. Bu da çəkilən xərcin artması deməkdir.  

Aytəkin Alxaslı, Bizum.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin