Ötən gün Prezident elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Nəticədə AMEA-nın elmi institutları və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda ciddi maraq doğuran məsələ məhz nazirliyin tabeliyinə verilən elmi institutların fəaliyyətinin necə səmərəli qurulması və ali təhsil səviyyəsinə qəbul alan şəxslərin ( magistrant, doktorantlar) hansı qurumun tabeliyinə verilməsidir.
“Son zamanlar aparılan müzakirələrdən, Prezidentin yuxarıda adı çəkilən fərmanından və “Azərbaycan -2026” Strategiyasından belə qənaətə gəlmək olar ki, Nazirlik qısa müddətdə tabeliyindəki elmi institutları fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək”
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzuyla bağlı münasibət olaraq bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradıldı - FƏRMAN
Onu sözlərinə görə, edilən dəyişiklik elmi tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək:
“Düşünürəm ki, artıq Nazirliyin tabeliyində olan İqtisadiyyat institutu UNEC tabeliyinə, Riyaziyyat və mexanika institutu BDU tabeliyinə, İnformasiya texnologiyaları və keçmiş Kibernetika instututu AzTU tabeliyinə, Neft və Qaz İnstitutu ADNSU və ya Bakı Ali Neft Məktəbinə verilə bilər. Son zamanlar Nazirlik və universitetlər daha çox elmi tədqiqat və innovasiya yönümlü, araşdırma istiqamətində fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin universitetlərin bir çoxu universitet-sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar.
Hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat yönümlü , innovasiya yönümlü fəaliyyət çox zəif olduğundan düşünürəm ki, yeni yaradılan Elm və Ali təhsil üzrə Dövlət Agentliyi də, bu sahədə işləri qaydaya salmaq üçün çox işlər görməli olacaq. Yeri gəlmişkən, güman ki hazırda bir çox univetsitet rəhbərləri hansı elmi institutların onlara birləşdiriləcəyini də səbirsizliklə gözləyirlər”.
Osman Gündüz həmçinin qeyd edir ki, bu proseslər ağrısız da ötüşməyəcək. Belə ki, universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də ola biləcəyi gözləniləndir:
“Eyni zamanda elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da yol vermək doğru olmazdı. Təbii ki, yeni yanaşmalara görə elmi institutlarda aparılacaq optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər.
Düşünürəm ki, institut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə Nazirilik tərəfindın təyin olunması da məntiqli və ağlabatan olardı. İnanıram ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, Prezidentin fərmanında və adı çəkilən Strategiyada elm və təhsilin inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək və sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər məyyənləşdirəcək”, - deyə O.Gündüz bildirib.
Səkinə Yusibli, Bizim.Media