Ötən gün Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində həlak olublar. Belə ki, binanın beşinci mərtəbəsində yaşayan uşaq pəncərədən düşüb. Həmçinin anası da onu tutmaq üçün özünü atsa da bədbəxtlikdən hər ikisi yerindəcə dünyasını dəyişib. Ümumiyyətlə yaz və yay aylarında körpə uşaqların hündürlükdən yıxılaraq ölməsi və ağır xəsarətlər alması hallarına daha çox rast gəlinir.
Bəs sözügedən hadisələrin qarşısının alınması və uşaqların təhükəsizliyinin təmin olunması üçün hansı tədbirlər görülməlidir?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.
O, bildirib ki, istər həyət, istərsə də çoxmərtəbəli bina evlərində azyaşlı uşaqları tək və nəzarətsiz qoymaq olmaz:
MÖVZU İLƏ BAĞLI:
“Vaxtım yoxdur” deyən VALİDEYNLƏR uşaqlarının gələcəyini məhv edir - PSİXOLOQ
“Gördüyünüz kimi ani bir diqqətsizlik bədbəxt hadisəyə səbəb ola bilir. Ona görə də azyaşlı uşaqlar daim nəzarətdə olmalıdır. Evdə uşaqlar üçün ən təhlükəli hesab olunan nəsnələr elektrik naqilləri, sobalar, pəncərələr hesab olunur. Burada əsas təhlükə uşağın pəncərəyə çıxması, məhəccərdən aşağı boylanmasıdır.
Pəncərələr bağlı olanda ehtiyat kilidlər də bağlanmalı həmçinin dəmir məhəccərlərlə səğortalanmalıdır. Əlavə olaraq, valideynlər uşaqlara həmin vasitələrin, hündür pəncərənin çox təhlükəli olduğunu izah etməlidirlər. Adətən bir çox valideyn uşağı məcburiyyətdən və digər səbəblərdən evdə tək qoyub gedir. Lakin bu çox təhlükəli seçimdir, uşaqları evdə tək qoymaq, nəzarətsiz saxlamaq olmaz”.
Ekspert fikriləşir ki, nəzərə alınan tədbirlərdən başqa bu cür məsələdə uşaq hüquqlarının qorunmasına dair konvensiyanın müddəaları da işləməlidir:
“Uşaq cəmiyyətin ən vacib zümrəsinə aiddir. Onun kənar mühafizəyə, əlavə qayğıya ehtiyacı var. Əgər valideyin bu funksiyanı icra edə bilmirsə, qanun dövriyyəyə girməlidir. Uşaq dövlətin himayəsində olmalı və gələcəyin sərvəti kimi qorunmalıdır”.
Onun fikrincə, lazım gələrsə, validynlərin cəzalandırılması mexanizmi də işə düşməlidir. Heç kim uşaqla təhlskəsiz rəftar etməməlidir, həm mənəvi-psixoloji, həm də fiziki anlamda:
“Başqa vəsaitlərlə də bu ölçünü götürmək lazımdır. Unutmaq olmaz ki, uşaqların əşyalarla nəzarətsiz təması özlərinə xəsarət yetirməyə, zəhərlənməyə, yanmaya və ağır zədələrə səbəb ola bilər. Bunun psixoloji yükü də böyükdür, heç bir anlamda gələcək üçün şikəst nəsil yetişdirmək olmaz”, - deyə E.Nurəliyev də öz fikirlərini tamamlayıb.
Səkinə Yusibli, Bizim.Media