İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi iyulun 23-24-də Türkiyədə keçirilən “TEKNOFEST” aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində “Efficiency challenge elektrikli avtomobil” yarışlarında iştirak edib.
Bizim.Media xəbər verir ki, yarışmada Təhsil Mərkəzi “ZƏFƏR” komandası tərəfindən hazırlanan “Buta” elektrikli avtomobili ilə təmsil olunub.
Mübarizəyə 3 ölkədən (Türkiyə, Azərbaycan və Qırğızıstan) və 37 məktəbdən olan komandalar qatılıb.
“ZƏFƏR” komandası iştirakçılar arasında ilk 20-liyə yüksəlib.
“Efficiency challenge elektrikli avtomobil” yarışlarında hər maşına 65 dəqiqə ərzində 2 kilometr uzunluğunda olan yarış zolağını 20 tura tamamlaması tələbi qoyulub. Yarışın nəticəsi kimi, “ZƏFƏR” komandası “Tanıtım və Yayqınlaştırma Ödülü” ilə təltif edilib.
Agentliyin Peşə Təhsil Mərkəzinin 7 tələbə və 2 istehsalat təlimi ustasından ibarət “ZƏFƏR” komandası 2022-ci ildə “Effieciency challenge elektrikli avtomobil” yarışında iştirak etmək üçün müraciət edib, seçim mərhələlərini uğurla keçərək yarışmanın final mərhələsində iştirak etmək hüququ qazanıb.
Yarışmaya təqdim edilən “Buta” adı verilmiş elektrikli avtomobilin texniki göstəriciləri, konfiqurasiyası və modeli Peşə Təhsil Mərkəzinin “ZƏFƏR” komandasının üzvləri tərəfindən hazırlanıb və model “TEKNOFEST” Hakim Komissiyası tərəfindən yüksək qiymətləndirilib.
Bizim.Media