Anası əmisi arvadı ilə evləndirmək istədi, etiraz edən qardaşını bıçaqladı...  

Hazırda oxunan: Anası əmisi arvadı ilə evləndirmək istədi, etiraz edən qardaşını bıçaqladı...  

85454

Bakının Sabunçu rayonunda 1991-ci il təvəllüdlü Rəcəb Məmmədov qardaşı Valehi (adlar şərtidir – red.) bıçaqlayıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 24-də Zabrat qəsəbəsində baş verib.  

İstintaq orqanı tərəfindən Rəcəbin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəcəb elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  

O bildirib ki, valideynləri onlar uşaq olanda boşanıblar:

Hər iki valideynimiz sonradan yenidən ailə quraraq ayrı yaşayıblar. Bu səbəbdən də maddi çətinlik ucbatından bir neçə il Pirşağı qəsəbəsində yerləşən uşaq evində yaşadıq. Əvvəllər müxtəlif yerlərdə fəhləlik etdik. Hətta işləmək üçün Türkiyədə də olduq”.  

“İşlədiyim düşərgə kürd yaraqlılarına məxsus idi” 

Təqsirləndirilən şəxsin sözlərinə görə, Türkiyədə olarkən tanımadığı şəxslər tərəfindən iş adı ilə tanımadığı ərazilərə aparılıb:  

“Xeyli müddət orada odun doğramaqla məşğul olduq. Doğranan odunlar hansısa şirkətlərə, ya da ayrı-ayrı adamlara satılıb. Amma mənim pulumu verməyiblər. Bir müddət sonra mənə məlum oldu ki, əslində fəhlə kimi günlərlə odun doğradığım işlədiyim həmin düşərgə kürd yaraqlılarına məxsusdur. Ona görə də qorxaraq, ilk fürsətdə oradan qaçdım və böyük çətinliklə Azərbaycana qayıtdım”.  

“Məni də işə düzəltdi” 

Rəcəb bildirib ki, Bakıya gələndən sonra da müxtəlif yerlərdə işləməyə çalışsa da, hər dəfə cəhdləri uğursuz olub:  

“Qardaşım Valehlə birlikdə Zabrat qəsəbəsi, İstixana kombinatı, 18 ünvanında yerləşən bir otaqdan ibarət evdə kirayədə yaşadıq. Nəhayət, ayaqqabı ustası olan qardaşım Valeh məni də Zabrat qəsəbəsində yerləşən ayaqqabı sexində yanına işə düzəltdi”.  
“Dul əmim arvadı ilə evlənəcəyimi bildirdim” 

Rəcəb qeyd edib ki, fevralın 24-də işdən evə gəlib və saat 01 radələrində çarpayıda uzanaraq istirahət edib:  

“Həmin vaxt Zərdabda yaşayan anamla telefonla danışdım. Söhbət zamanı anam məni rayonda yaşayan dul əmim arvadı ilə evləndirəcəyini dedi. Bu mövzuda danışaraq zarafatlaşdıq. Anamın sözlərini zarafat kimi qəbul etdim. Dul əmim arvadı ilə evlənəcəyimi bildirdim. Söhbəti eşidən Rəcəb dedi ki, o qadını alacağım halda qeyrətsiz, namussuz hərəkətə yol verəcəm. Mənə başqa nalayiq sözlər də dedi. Bunun bir zarafat olduğunu bildirdim. Rəcəb inanmadı. Yenə də mənə nalayiq sözlər deməyə davam etdi”.  

“Məni otaqdan qovdu” 

Təqsirləndirilən şəxsin sözlərinə görə, qardaşı Rəcəb ondan evi tərk etməsini tələb edib:  

“Həm də üzərimə gəldi, yaxamdan tutdu. Bu səbəbdən əlbəyaxa olduq. Qardaşım otaqdakı stulu üstümə atdı. Yenidən üzərimə gələrək məni vurmaq istədi. Ona gücüm çatmadığından mətbəxdən bıçaq götürdüm. Rəcəbi qorxudaraq məndən əl çəkməsi üçün bədəninin müxtəlif yerlərindən bir neçə dəfə bıçaqla zərbə vurdum. Rəcəbin “ciyərimi deşdin” qışqırtısını eşitdim. Sanki yuxudan ayıldım. Rəcəbdən aralanaraq evdən çıxdım. Az sonra nə etdiyimi başa düşdüm və yenidən otağa qayıtdım. Rəcəbə tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmaq istədim. Amma Rəcəb məni otaqdan qovdu”.  

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Rəcəb digər qardaşı Zahidə zəng vuraraq təcili evə gəlməsini xahiş edib:  

“Bir neçə dəqiqədən sonra qardaşım Zahid gəldi, təcili tibbi yardıma zəng vurdu. Təcili tibbi yardımın yubandığını görən Zahid Rəcəbi idarə etdiyi avtomobilə qoyaraq xəstəxanaya aparmaq fikrinə düşdü. Rəcəbin qorxusundan kənardan baxdım, baş verənləri müşahidə etdim. Günahkar kimi yaxınlaşmağa qorxdum.

Zahid Rəcəbi avtomobilə qoyaraq xəstəxanaya aparmaq istədikdə, evin yaxınlığında olarkən təcili tibbi yardım maşını gəldi. Təcili yardım maşını ilə Rəcəb xəstəxanaya aparıldı”.  
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılıb.  

Məhkəmənin hökmü ilə Rəcəb 3 il müddətinə azadlıqdan məhrum edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin