Fərid Qayıbov beynəlxalq federasiya rəhbərləri ilə görüşdü - FOTO

Hazırda oxunan: Fərid Qayıbov beynəlxalq federasiya rəhbərləri ilə görüşdü - FOTO

85403

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov və qurumun vitse-prezidenti Peter Kralik ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov, federasiyanın prezidenti Taleh Nəsibov və vitse-prezidenti Azər Hüseynov, həmçinin, baş katib Orxan Hüseynovun da iştirak etdikləri görüşdə ölkədə bu idman növünün yüksəlişindən söhbət açılıb.

Bildirilib ki, Azərbaycanın minifutbol yığması Avropa çempionu olmaqla dünyanın diqqətini özünə cəlb etməyi bacarıb.

F.Qayıbov qonaqlara Azərbaycanda idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Beynəlxalq minifutbol federasiyalarının səfər proqramının Azərbaycan futbolçularına faydalı olacağına əminliyini bildirən nazir qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, bundan sonra minifutbol idman növündə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verəcək.

Yığmanın Avropa çempionluğunun qazanılmasınadək keçən inkişaf yolunun, minifutbolun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu görüşdə F.Qayıbov minifutbolçuların növbəti beynəlxalq yarışlarda da uğurla çıxış edəcəklərinə inandığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda minifutbol idman növünün inkişafının onlarda xoş təəssürat yaratdığını bildiriblər.

Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin bu idman növünə göstərdiyi diqqət və qayğı bir çox ölkələrə nümunə olmalıdır.

Avropa çempionatının Bakıda təşkil edilməsi məsələsinə də toxunan federasiya rəhbərləri vurğulayıblar ki, Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla evsahibliyi edib və ölkənin beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində böyük təcrübəsi var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin