Xəbər verdiyimiz kimi, naməlum şəxslər Balakəndə iki mağazada “E-manat” və “MilliÖn” ödəmə aparatlarını sındıraraq içərisində olan 9000 manata yaxın pulu götürüblər və müşahidə kamerasının yaddaş qurğusunu da özləri ilə aparıblar.
Belə olan halda indi sahibkarları bir sualın cavabı maraqlandırır: ödəmə aparatlarının və bankomatların təhlükəsizliyi necə qorunmalıdır?
Bizim.Media-ya açıqlamasında ekspert Fuad İbrahimov dedi ki, çəkiliş kameraları aparat olan ərazilərdə yerləşdirilməlidir:
MÖVZU İLƏ BAĞLI:
“Bitcoin”in dəyəri 500 min dollar olacaq – PROQNOZ
“Bu hadisələr əsasən insanların az olduğu yerlərdə baş verir. Buna qarşı vahid bir mübarizə üsulu yoxdur. Azərbaycanda bu aparatlar daha güvənli yerlərdə qoyulur. Yeganə təhlükəsizlik tədbiri kimi aparatların üzərinə videokamera quraşdırılmalıdır”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də məsələyə münasibət öyrəndik:
“Əməkdaşlarımız hər zaman asayişin keşiyində dururlar və ictimai təhlükəsizliyi təmin edirlər. Hər hansı xoşagəlməz bir fakt aşkarlanırsa, o məsələ barədə dərhal qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülür. Hər bankomatın və ödəmə aparatının qarşısına bir polis əməkdaşı qoymaqla məsələnin 100% təhlükəsizliyini təmin etmək olar. Lakin bankomatların sayı bilinmədiyi üçün bu, mümkün deyil”.
Bankomatların təhlükəsizliyindən danışan “Azərtürk” Bankının mətbuat katibi Rauf Ağayev vurğuladı ki, banklar bankomatlarını daha güvənli yerlərdə yerləşdirirlər:
“Güvənli yer dedikdə, əhalinin daha çox gur olan yerlərindən söhbət gedir. Bankomatlara dələduzlar xüsusi qurğu yerləşdirirərək məbləği digər karta köçürürlər. Buna “Skimer” əməliyyatı deyirlər. Buna görə də banklar bankomatlara xüsusi “antiskimer” qurğuları əlavə edirlər. Bundan başqa bankomatlardakı kameralarımız bütün əməliyyatları qeydə alır”.
Gülşanə Mustafayeva, Bizim.Media