“Dünəndən etibarən hazırda avqust ayı üçün xarakterik olmayan hava şəraiti hökm sürür. Bu gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28 dərəcəyə qədər isti müşahidə olunur. Bölgələrdə isə xüsusilə şimal-qərb rayonlarında isə qeyri-sabit hava şəraiti müşahidə olunacaq”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, yay fəslində xarakterik olmayan cari hava vəziyyəti yaxın bir neçə gün ərzində də davam edəcək:
MÖVZU İLƏ BAĞLI:
Yay fəslini real olaraq nə zaman hiss edəcəyik? – Baş hidroloq AÇIQLADI
“Ən isti ərazilər olan Naxçıvan MR-sı və Aran rayonlarında 30-35 dərəcə, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınıb. Hazırda Bakıda və Abşeron yarımadasında qeydə alınan temperatur iqlim normasından 1 dərəcə aşağıdır.
Qeyd edim ki, iyulun 26-27-si hava nisbətən mülayim keçəcək. Ayın 26-sı hava əsasən yağmursuz, lakin 27-si gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Eyni zamanda mülayim külək müşahidə olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən yüksələrək gündüz saatlarında 30-35 dərəcə isti olacaq”, - deyə baş hidroloq A.Verdiyev qeyd edib.
Səkinə Yusibli, Bizim.Media