YAP-da mətbuat nümayəndələri ilə görüş keçirildi - FOTO

Hazırda oxunan: YAP-da mətbuat nümayəndələri ilə görüş keçirildi - FOTO

84951

İyulun 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Abidənin önündə xatirə fotosu çəkdirilib.

Sonra ulu öndər Heydər Əliyevin, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Görüşdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan zəngin dövlətçilik tarixinə və ictimai-siyasi ənənələrə malikdir.  

Onun sözlərinə görə, çoxəsrlik tariximizin tədqiq olunması, öyrənilməsi və təbliği bütün dövrlərdə qarşıda duran mühüm vəzifələrdən biri olub:  

“Bu işin həyata keçirilməsində - belə bir milli vəzifənin yerinə yetirilməsində Azərbaycan mətbuatının özünəməxsus rolu və payı var. Sevindirici haldır ki, bu gün əsasının qoyulmasının 147-ci ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddətdə zəngin və şərəfli inkişaf yolu keçib.  

Dövrünün görkəmli ziyalısı olan Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti həmin dönəmin aktual məsələlərini – insanları düşündürən problemləri, çağın mütərəqqi ideyalarını və fərqli baxışlarını öz səhifələrində geniş əks etdirib.

Cəmiyyətin güzgüsünə çevrilən “Əkinçi” xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində müstəsna rol oynamaqla yanaşı, günümüzdə də dəyərli və aktual olan mətbuat ənənəsi formalaşdırıb.
Təsadüfi deyil ki, Azərbaycan mətbuatı SSRİ dövründə bu ənənələrə söykənərək öz milliliyini qoruyub saxlayıb, xalqımızın mənafeyinin, İttifaqın tərkibində olan respublikamızın maraqlarının qorunmasında mühüm rol oynayıb, mövcud imkanlar və şərait çərçivəsində ziyalı sözünü cəmiyyətə çatdırmağa müvəffəq olub, dəyərli sözün tribunasına çevrilib.  

Müstəqillik dövründə isə Azərbaycan mətbuatının tarixində yeni dönəm – inkişaf mərhələsi başlayıb.

Ümummilli liderimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi nəticəsində Azərbaycan mediası milli maraqların qorunması, cəmiyyətin siyasi-ideoloji hazırlığının gücləndirilməsi, ölkə daxilində və dünyada baş verən proseslərin ictimaiyyətə çatdırılması üçün önəmli işlər görüb.

Mətbuat üzərində senzuranın ləğv olunması, qanunvericilik bazasının yaradılması, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi isə medianın imkanlarının genişlənməsini təmin edib”. 

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, Ümummilli Liderimizin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına, reallıqlarına uyğun olaraq uğurla davam etdirilir:

“Demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda söz azadlığı təmin olunub, jurnalistlərin peşəkarlığının artırılması, sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin diqqət mərkəzindədir və davamlı olaraq mühüm addımlar atılır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması, bununla yanaşı, Media haqqında yeni Qanunun qəbul olunması mətbuatımızın inkişafına xidmət edən məqsədyönlü işlərdir”. 

Tahir Budaqov diqqətə çatdırıb ki, Heydər Əliyevin siyasi mirası olan, Ümummilli Liderimizin ideyaları əsasında fəaliyyətini uğurla davam etdirən, Prezident İlham Əliyevin sədrliyi ilə möhtəşəm nailiyyətlər qazanan, Azərbaycanın dayanıqlı inkişafına önəmli töhfələr verən Yeni Azərbaycan Partiyası da media ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşümüz ənənə halını alıb və bundan sonra da media ilə sıx təmaslarımız davam edəcək. 

“Heç şübhəsiz, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı, media nümayəndələri üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Xüsusilə də 44 günlük Vətən müharibəsi milli mətbuatımızın vətənpərvərliyini, fədakarlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi.

Müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olması isə qürurvericidir.  

Haqq mübarizəmiz uğurla başa çatsa, tarixi ədalət və ərazi bütövlüyümüz bərpa olunsa da, informasiya müharibəsi davam edir. Azərbaycan mediası postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir və fəaliyyətini yeni çağırışlara uyğun qurur. 
22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrimizi səmimi-qəlbdən təbrik edir, hər birinizə fəaliyyətinizdə nailiyyətlər, yeni yaradıcılıq uğurları diləyirəm”, - deyə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri vurğulayıb. 

Sonra YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov, Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar redaksiyasının baş redaktorunun müavini Vüsal Mətləb, APA İnformasiya Agentliyinin redaktoru Ramiz Mikayıloğlu və “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy çıxış edərək Azərbaycan dövlətinin milli mətbuatımıza qayğısından bəhs edib, göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür ediblər. 

Sonda KİV nümayəndələrinə mükafatlar təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin