Dərman preparatları yeganə məhsuldur ki, onu insanlar öz istəkləri ilə almır. Onu kiminsə göstərişi ilə alır. Bəlkə də elə buna görədir ki, Azərbaycanda dərman preparatlarının satışı biznes şəbəkəsinə çevrilib. Ekspertlərin rəyinə görə Azərbaycan dünyanın az ölkələrindəndir ki, aptek şəbəkəsi ehtiyacdan qat-qat çoxdur. Bu isə onu göstərir ki, bu gün apteklər səhiyyənin yardımçı qolu kimi deyil, böyük biznes şəbəkəsi kimi fəaliyyət göstərir.
Və bəzi hallarda bu sahənin inhisarda olduğu da söylənilir. Və bəzi məmurların və deputatların bu biznesin başında dayandığı deyilir.
MÖVZU İLƏ BAĞLI:
Təhlükəli şprislər yenidən SATIŞDA - Xəstəxana və apteklərə bu şprisləri KİM VERİR? – ARAŞDIRMA
Bu məsələdə ən neqativ cəhət odur ki, pasiyentlərin hüquqları və maraqları qətiyyən nəzərə alınmır. Pasiyentin hansısa dərmana etiraz etməsi və yaxud hansısa dərmandan əks reaksiya gördüyü etirazları qəbul olunmur. Bu da ondan irəli gəlir ki, ölkəmizə bu günədək “Pasiyentin hüquqları haqqında” qanun qəbul olunmayıb. Qanunvericilikdəki bu boşluq isə pasiyentlərin əl-qolunu bağlayır, onların hüquqlarını məhdudlaşdırır.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov bildirdi ki, “Pasiyentin hüquqları haqqında” qanun layihəsi 12 ildən artıqdır ki, Milli Məclisdə yatıb qalır:
“Bəzi maraqlı qüvvələr hər vasitə ilə bu qanunun qəbul edilməsinin qarşısını alır. Bu yaxınlarda Standartlaşdırma İnstitutu “Müştəri məmnunluğu haqqında” qaydalar təsdiq edib. Çox təəssüf ki, bu qaydalar hazırlanarkən bəzi qurumlarla yanaşı bizim Birliyin də fikirləri nəzərə alınmayıb. Ona görə də qanunvericilikdəki bu və ya digər boşluqlar ölkənin səhiyyə sistemində ciddi problemlər yaradıb. Danılmaz faktdır ki, əhalinin sağlamlığı kimlərinsə biznes şəbəkəsinə çevrilib”.
Əyyub Hüseynov onu da əlavə etdi ki, maraqlı məqamlardan biri də odur ki, böyük həkim ordusu həmin şəbəkəylə əlbir işləyir:
“Xəstəni müayinə üçün harasa göndərəndə ona rəsmi göndəriş vərəqəsi çox zaman verilmir. Həkimlər bunu daha çox telefon zəngi ilə edirlər. Bir çox həkimlər xəstəyə resepti yazanda onu möhürləmirlər. Bəzisi isə bir qədər də qabağa gedib resepti elə yazır ki, onu heç də hər adam oxuyub anlamır. Bu da sonrakı məsuliyyətdən yayınmaq üçün bir vasitədir. Və ən pisi də odur ki, həkimlər pasiyenti konkret aptekə ünvanlandırırlar. Bu isə artıq “Hippokrat andı”na xəyanət və biznes marağıdır”.
“Pasiyentin hüquqları haqqında” qanun layihəsinin uzun zamandan bəri qəbul edilməməsi ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkil Məlahət İbrahimqızının fikirlərini öyrəndik. O bildirdi ki, “son illər səhiyyə sistemində uğurlu islahatlar həyata keçirilir. Bəli, bu baxımdan “Pasiyent haqqında” qanunun qəbul edilməsinin zamanı gəlib.
Çünki, hər iki tərəfin hüququ qorunmalıdır. Bu gün tibb işçisinin hüququ qorunursa, pasiyentin də hüququ o cür qorunmalıdır.
Bu gün nəinki, pasiyentin hüquqları haqqında qanuna, eləcə də “Ailə həkimi” haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Çünki, bütün beynəlxalq təşkilatların, o cümlədən də ÜST-nin əsas tələbi ən ucqar yaşayış məntəqələrində səhiyyə xidmətinin əlçatan olmasıdır. Ona görə də yəqin ki, qarşıdakı illərdə “Pasiyentin hüqüqları haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə ediləcək və qəbul olunacaq”.
Surxay Atakişiyev, Bizim.Media