Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir.
DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunur.
İmtahanlar saat 10:00 da başlayır.
İmtahanın başlamasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahan keçirilən şəhər və rayonlarda 110 imtahan binası, 1921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2392 nəzarətçi–müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi ayrılıb.
Bugünkü imtahanlarda ümumilikdə 25 min 339 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 21 min 277 nəfər I ixtisas qrupu, 4062 nəfər isə IV ixtisas qrupu üzrə sənəd verənlərdir. Abituriyentlərdən 22 min 959 (I qrup - 19470, IV qrup - 3489) nəfər Azərbaycan, 2380 (I qrup – 1807, IV qrup - 573) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 14 min 253 (I qrup - 13318, IV qrup - 935) nəfəri oğlan, 11 min 86 (I qrup – 7959, IV qrup - 3127) nəfəri isə qızdır.
22 min 384 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2771 nəfər əvvəlki illərin məzunudur. 22 nəfər ali təhsil müəssisələrinin, 162 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 90 abituriyent xarici ölkələrin vətəndaşıdır.
İmtahanda 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillərə tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və sair işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 28 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Bizim.Media