“Arvadımın məndən boşanıb, başqa kişi ilə görüşəcəyini düşündüm” – Tükürpədən ifadələr

Hazırda oxunan: “Arvadımın məndən boşanıb, başqa kişi ilə görüşəcəyini düşündüm” – Tükürpədən ifadələr

84581

Zaqatala rayonunda 1970-ci il təvəllüdlü Fərid Babayev həyat yoldaşı, 1978-ci il təvəllüdlü Samirəni (adlar şərtidir – red.) qətlə yetirib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə 2020-ci il oktyabrın 21-də Zaqatala rayonu, Yengiyan kəndində baş verib. Kənd sakini Samirənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla onu əri Fəridin balta ilə xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işindən məlum olub ki, Fərid arvadını anlaqsız vəziyyətdə qətlə yetirib. Onun “Depressiv tipli şizoaffektiv pozuntu” psixi xəstəliyindən əziyyət çəkdiyi məlum olub. 
Bu səbəbdən onun məhkəmədə dindirilməsi mümkün olmayıb. Hakim heyəti Fəridin qanuni nümayəndəsinin və vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunub. 

“Tutulacağımı fikirləşmişəm”

Fərid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 1998-ci ildə Samirə ilə ailə həyatı qurub: “Bu nikahdan 3 qız, 1 oğlum olub. Rəsmi qaydada heç bir yerdə işləməmişəm. Kənd təsərrüfatı ilə məşğul olaraq ailəmin maddi ehtiyaclarını qarşılamışam. Evləndiyimiz gündən Samirə ilə aramızda heç vaxt narazılıq olmayıb. Ailə daxili münasibətlərimiz daim yaxşı olub”. 

Fəridin sözlərinə görə, orta məktəbi Zaqatala rayonu, Yengiyan kəndində oxuyub:

“Orta təhsilini bitirdikdən sonra isə Rusiya Federasiyası “Primorsk Kray” adlanan ərazidə hərbi xidmətdə olmuşam. Heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmişəm.
 

Əvvəllər başımda ağrılar olduğu üçün bacımgil məni həkim müayinəsinə aparıb. Müayinələrdən sonra mənə müalicə kursu təyin edilib. Həmin ərəfələrdə öz-özümə bu halıma görə tutulacağımı fikirəşmişəm. Dəlixanaya, yoxsa türməyə aparılacağımı bilmədiyi üçün qorxmuşam. Müalicə kursu davam edən zaman bir qədər səhhətimdə irəliləyişlər olub”.


“Arvadım haqqında mənfi söz eşitməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2 dekabr 2019-cu ildə Yengiyan kəndində çayxanada tanışları ilə loto oynayan zaman kənd sakini olan Əli adlı şəxs camaatın içində ona təhqiredici ifadələr işlədib:

“Daha sonra Əli orada olan şəxslərə dedi ki, bunu tutun, başına oyun açacam. Əlinin bu sözündən sonra çayxanada olan adamlar mənə güldükləri üçün əsəbiləşdim. Əliyə bir təpik vurdum. Bundan sonra kənd arasında bu söhbət yayıldı. Uşaqlarımı görənlər haqqımda pis sözlər deyirdilər, mənim ünvanıma əxlaqsız ifadələr işlədirdilər, deyirdilər ki, bunlar əxlaqsızın qızlarıdır, bunları kim alasıdır. Qızılarıma deyilən bu sözləri eşidirdim, bu da mənə mənə pis təsir edirdi. Bütün günü uşaqlarımı evləndirə bilməyəcəyim fikri ilə gəzdim. Qardaşım da dəfələrlə məndən nəyə görə fikirli olduğumu soruşdu. Ona heç bir problemimin olmadığını dedim”.

Fərid deyib ki, bundan sonra səhhəti daha da pisləşib:

“Dayandığım yerdə bütün bədənim əsib, hərdən bir öz özümə danışmışam, evi dağıtmaq istəmişəm. Kənd sakinlərindən mərhum arvadım haqqında hər hansı bir mənfi söz eşitməmişəm. Özüm də arvadımın hər hansı bir səhv hərəkətinin şahidi olmamışam. Arvadım qulluğumda yaxşı durub”.

“Arvadıma sahəyə gəlməsini dedim”

Fərid bildirib ki, 21 oktyabr 2020-ci ildə, saat 9 radələrində yuxudan oyanıb:

“Həmin vaxt evdə arvadım, bacım Gülgəz və uşaqlarım olub. Yuxudan oyandıqdan sonra əl üzümü yuydum. Səhər yeməyi yedikdən sonra Samirə ilə birlikdə heyvanları sağdıq. Heyvanları sağdıqdan sonra evə qayıtdıq. Bundan sonra bir qədər evdə oturduq. Kənd qəbiristanlığının yaxınlığında yerləşən kənd camaatına məxsus fındıq sahəsindən təzə kökləri götürərək yenidən əkmək məqsədi ilə odun kəsmək üçün istifadə etdiyim baltanı da götürərək evdən çıxdım. Evdən çıxan zaman arvadıma sahəyə getdiyimi, onun da gəlməsini dedim. Həmin vaxt həyətdə olan 4 baş inəyini də sahəyə apardım. Sahəyə gələn zaman yolda heç kimlə rastlaşmadım. Sahədə olarkən fındıq kollarının diblərində olan təzə kökləri özüm ilə götürdüyüm balta ilə kəsərək yığdım”. 

“Arvadımın başqa kişiyə getməsini düşündüm”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu ərəfələrdə arvadı Samirə də sahəyə gəlib:

“Bu zaman ani olaraq Əlinin dediyi sözlər yadıma düşdü. Yenidən Əlinin bu sözündən sonra qızlarımı alan olmayacağını fikirləşdim, bu məni çox əsəbləşdirdi. Həmçinin hadisə baş verən gündən 2-3 gün qabaq Samirə mənə dəli olduğum üçün boşanmaq istədiyini demişdi. Samirənin məndən  boşanmasını istəmədim. Həmin vaxt sahədə olan zaman bir anlıq Samirənin dediyi sözlər də yadına düşdü. Birdən arvadımın məndən boşanıb, başqa kişiyə getməsini düşündüm. Arvadımı öldürməyi, sonra da özümü öldürməyi, bundan sonra rahat olacağımı fikirləşdim. Əlimdə olan baltanın küt tərəfi ilə arxadan arvadımın başına vurdum.
 

Bu zaman Samirə ucadan qışqıraraq mənə “dəli olmusan?” dedi. Bundan sonra Samirəyə bir neçə dəfə balta ilə vurdum. Arvadım yerə yıxılandan sonra ona daha bir neçə zərbə endiridim. Bu vaxt Samirənin burnundan qan gəldi. Həmin vaxt qorxudan əsməyə başladım. Tutulacağımı fikirləşdim”. 


“Dedi ki, baltanı yerə qoy, cinayət törətmisən”

Fəridin ifadəsinə görə, bundan sonra tez oradan çıxaraq qəbiristanlığın yaxınlığında olan bulağa tərəf gedib:

“Arvadımı vurmağımın bilinməməsi üçün baltanın qanlı tərəflərini yudum. Bundan sonra özümü asmaq üçün tez oradan uzaqlaşdım. Yolda Rafiqıə rastlaşdım. Rafiqlə salamlaşdıqdan sonra ondan kəsmək üçün akasiya tiri istədim. Lakin Rafiq tir olmadığını dedi. Rafiqlə söhbət etməkdə məqsədi onun arvadımı vurmağımdan şübhələnməməsi olub. Rafiqdən aralaşdıqdan sonra yola tərəf getdim. Orda başqa bir kənd sakini Ayxanla rastlaşdım. Ayxan məni görəndə nə olduğunu, nə axtardığımı soruşdu. Ayxana heç nə olmadığını dedim. Sonra kənd qəbiristanlığının yanında Turalla rastlaşdım. Onunla da hal-əhval tutdum. Oradan Əliabad qəsəbəsinə tərəf getdim. Yolda onu Şahvələd adlı keçmiş polis işçisi gördüm.
 

Şahvələd mənə yaxınlaşaraq “əmi oğlu burda nə edirsən, əlindəki baltanı qoy yerə cinayət törətmisən, səni axtarırlar” dedi. Bu zaman Şahvələdə heç kimi vurmadığımı söylədim. Lakin Şahvələd baltanı yenə yerə qoymağımı dediyi üçün baltanı yerə qoydum. Bir qədər sonra polis əməkdaşları gələrək məni tutdular”.


Məhkəmənin hökmü ilə Fəridin cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilib və o, cinayət məsuliyyətindən azad olunub.

Fəridin ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin