İnsanların bir çoxu vicdanını zorla susduraraq yaşayırlar. Buna görə də səmimiyyətsiz olurlar və bu da onların danışığına, hərəkətinə və baxışına yansıyır. Sonra guya peşman olur, vicdan əzabı çəkdiyini deyirlər. Halbuki Allah vicdanı əzab çəkmək üçün deyil, həmişə doğru olanı ilham etməsi üçün yaradıb. Hər kəs vicdan sahibidir, hər kəs doğrunu bilir. İnsanı digər canlılardan fərqləndirən amil onun ruh sahibi olmasıdır, yəni ağıl və şüura, vicdana sahib olmasıdır. Ancaq insanların çoxu onlara verilən bu nemətdən xəbərsiz halda yaşayır, həqiqətləri qulaqardına vururlar.
Ədalətsizliyin, cinayətlərin, zülmün və səfalətin geniş yayıldığı bir dövrdə yaşayırıq. Bu vəziyyət insanları həm maddi, həm də mənəvi cəhətdən sarsıdır. İnsanların çoxu bütün bəşəriyyətə bəla olan bu vəziyyətin ortadan qalxması üçün ciddi səy göstərmək əvəzinə ancaq öz rahatlığı üçün yaşamağı tərcih edirlər. Təsəvvür edin, dünyanın bir tərəfində insanlar acından ölür, digər tərəfində isə milyarderlər var-dövlətini lüzumsuz yerlərə xərcləyirlər. Belə bir mənzərəni göz önündə canlandıraq: bir masa ətrafında əyləşibsiniz. Masaya böyük qabda yemək gəlir. Yanındakıları düşünmədən onu qarşınıza çəkib yeməyiniz kənardan nə qədər yanlış və çirkin görünürsə, dünyada yalnız özünüz üçün yaşamaq, digər insanlar üçün fədakarlıq göstərməmək də bir o qədər yanlışdır. “Dünyanı xilas etmək bizə qalıb?“ düşüncəsi ilə yaşayan bu insanlar nə qədər böyük günaha girdiklərini dərk etmirlər. Həmin bu nəfsini ilah edən səmimiyyətsiz insanlar dünyada nə qədər var-dövlət sahibi olsalar da, heç vaxt rahat olmurlar. Vicdanı dinləməmək onlara əzab verir. Halbuki insan vicdanını nə qədər çox dinlərsə, bir o qədər də rahat və səmimi olar. Bununla həm özü rahat və xoşbəxt yaşayar, həm də dünyaya nümunə göstərmiş olar. Bunun üçün çoxlu kitab oxumağa, məlumatlı olmağa ehtiyac yoxdur. Çünki elə savadlı və bilikli ateistlər var ki, bu bilgilərin onlara heç bir faydası olmur...
Allah bizdən yalnız yaratdıqları üzərində dərin düşünməyimizi və təfəkkür etməyimizi istəyir. Allahın varlıq dəlilləri həm öz üzərimizdə, həm də ətrafımızda sonsuz saydadır. Allahın varlığını qəbul etmək çox asandır. İman həqiqətləri üzərində təfəkkür edən bir insan bunların təsadüfən əmələ gəlmədiyini dərk edir. Üstün ağılın, sonsuz qüdrətin varlığına şahid olur.
Allah qarşısındakı acizliyini və Ona nə qədər möhtac olduğunun fərqinə varır. Vicdanən Ona qulluq etmək üçün yaradıldığını anlayır. İman gətirən bir insan hamı üçün faydalı olur. Vicdanlı insan bütün insanların rahatlığını düşünür və buna görə əlindən gələni edib insanlıq vəzifəsini yerinə yetirir. Vicdanımızın səsini dinləyib səmimi olmalıyıq və baş verən hadisələrə biganə yanaşmamalıyıq. Dünyada da əsl sevginin, gözəl əxlaqın hakim olması üçün səy göstərməliyik. Bir-birimizə yaxşılığı tövsiyə edib pislikdən çəkindirməliyik, gözəl sözlü olmalıyıq.
Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”x9d -deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? (Füssilət surəsi, 33)
Firuzə Həsənli
































































































