Blogerin qardaşı qatili bağışladı, anası isə ağır cəza istədi - Məhkəmədə QALMAQAL 

Hazırda oxunan: Blogerin qardaşı qatili bağışladı, anası isə ağır cəza istədi - Məhkəmədə QALMAQAL 

84307

Bakıda bloger Əvəz Hafizlini qətlə yetirməkdə ittiham olunan əmisi oğlu Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.  

Sonra ifadə verən təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilib.  

O bildirib ki, dəfələrlə Əvəz Hafizi ilə mübahisələri olub:  

"Əvəz Hafizi ögey əmim oğlu idi. Nəslimizin adını batırırdı. Dedim yolundan qayıt. Yolunu azmışdı. Əxlaqsızlıq edirdi. Həmin günü də aramızda mübahisə yarandı. 2014-cü ildən bilirdim ki, əxlaqsızlıq edir. Onu öldürmək istəmirdim. Hər dəfə başa salırdım ki, yolundan qayıtsın. Deyirdim ki, nəslimizin adını batırma. O isə qulaq asmırdı.  

Mən əmimgildə qalırdım. Əvəz də əmimgillə bir həyətdə ayrı evdə yaşayırdı. Daimi yaşayış yerim yoxdur. Gah Savalan qəsəbəsində bibim oğlugildə, gah da Balaxanıda əmimgildə qalırdım.  
Həmin gün Əvəzgilə getdim, ona axırıncı xəbərdarlıq elədim ki, bu yoldan qayıdacaqsan. O isə mənə dedi ki, bu mənim sənətimdi, get işinlə məşğul ol. Mən də əsəbiləşdim, Əvəzin evində mətbəxdən bıçağı götürdüm. Birinci bıçağı həyətdə, sonra isə evdə vurdum. Həmin vaxt özümdə deyildim. Neçə bıçaq vurdum, harasından vurdum bilmədim. Evdə heç kim yox idi deyə, səsə də gələn olmadı". 

Əmrulla Güləliyev törətdiyi əməlindən peşmandır.  

Əvəz Hafizinin boyun nahiyəsinin kəsilməsinə gəlincə isə təqsirləndirilən şəxs bildirib ki, onun başını kəsmək istəməyib:  

"Birinci o məni vurdu, mən də onu bıçaqla vurdum. Bıçaq boyun nahiyəsinə dəydi. Əslində, o məni söyməsəydi, öldürməyəcəkdim. Məni döydüyü üçün vurdum. Mənə dedi ki, öz işim, öz həyatımdı. Sonra da söyüş söydü. Ən əsası küçədə, qəsəbədə gəzə bilmirdim. Hamı deyirdi ki, əmin oğlu bu yoldadır. Başımı aşağı eləmişdi dost-tanış içərisində".  

Ziddiyətli məqamlar yarandığı üçün  təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan olunub. O ifadəsində bildirib ki, hadisədən 3 ay əvvəl o Əvəzi öldürmək qərarı verib. Hadisə günü o Balaxanıda əmisi oğlunun işlədiyi dükana gedib, ondan evdə kiminsə olub-olmadığını soruşub.

Əmisi oğlu bildirib ki, Əvəz evdə təkdi, həyətdə yaşayanlar hamısı rayona gedib. Əmrilla Güləliyev bundan sonra bıçağı götürüb xəbərsiz Əvəzgilə gedib. Onu həyətə çağırıb, yerə yıxıb boğazına xəsarət yetirib. Daha sonra onun bədəninin müxtəlif istiqamətlərindən bir neçə buçaq vuraraq öldürüb. Daha sonra o polisə gedərək təslim olub.  

Əvəz Hafizinin qardaşı Təbriz Şıxməmmədov bildirib ki, hadisə vaxtı rayonda olub: 

"Əmrulla ilə bir həyətdə böyümüşük. Əmrullanı biz qardaş kimi bilmişik, bir həyətdə böyümüşük. Əvəzin bu işlə məşğul olmasından xəbərim olmayıb. Əmrulla ilə Əvəz arasında  nə mübahisə olduğunu bilmirdik. Şikayətimiz yoxdur. Bu gün də Əmrullanın ailəsi ilə problemimiz yoxdur.  

Biz iki qardaş, bir bacı olmuşuq, Əmrulla da bizimlə böyüyüb deyə, ona da qardaş deyirdik. Əvəzin nə işlə məşğul olduğunu bilmirdik. Evdən çıxıb gedirdi, bir müddət sonra gəlirdi. Bizə heç nə demirdi. Ailə üzvlərimin də Əmrullaya qarşı şikayəti yoxdu". 

Əvəz Hafizinin hüquqi varisi olan anası Cəmalə Şıxməmmədova hadisə ilə bağlı belə ifadə verib:  

"Mən onu öz balamdan ayırmamışam. Əvəz yaxşı uşaq idi. Əmrulla ilə danışmırdı. Əvəzin geyimində fərq var idi. Bu biri uşaqlardan fərqli geyinirdi. Səhər gedib axşam gəlirdi. Heç kimlə işi yox idi. Mən səhər rayona gedəndə Əvəz yatmışdı, qayıdanda meyitini gördüm. Aralarında heç bir mübahisə olmayıb. Əmrulla Əvəzi yatdığı yerdə öldürüb. Bütün yorğan-döşək qan içində idi. Əmrullaya ən ağır cəza istəyirəm. O günahsız balamı öldürüb". 

Daha sonra prokuror bildirib ki, Əvəz Hafizinin qardaşı və anası zərərçəkmişin hüquqi varisi kimi tanınıb. Ona görə də Əvəz Hafizinin anası Cəmalə Şıxməmmədovaya oğlunun zərərçəkmişin hüquqi varisliyindən çıxarılmasını təklif edib.  

Cəmilə Şıxməmmədova bunun üçün məhkəmədən vaxt istəyib.  

Növbəti proses iyulun 25-də davam edəcək. 

İttihama görə, qətl hadisəsi bu il fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb. 

24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. 
Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib. 

İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Qeyd edək ki, Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin