“Biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı”.
Bu fikirləri Respublika Prezidenti İlham Əliyev iyulun 15-də 2022-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş müşavirədə səsləndirdi. İndiki zamanda bunun çox böyük tarixi əhəmiyyəti var.
Əslində, milyonlarla azərbaycanlının illər boyu içindən gələn, hər zaman müzakirə etdiyi məsələni ölkə başçısı ilk dəfə çox qəti və konkret şəkildə bəyan etdi. Bu fikirlər isə artıq qüdrətli Azərbaycan dövlətinin mövqeyidir.
Bu fikirlər təkcə ermənilərə bir xəbərdarlıq deyildi, bu həmdə Azərbaycan xalqı üçün özünə qayıdış çağırışı idi. Çünki, Azərbaycan tarixinə az-çox bələd olan hər bir kəs Qərbi Zəngəzur, Göycə mahalı və digər ərazilərin qədim Azərbaycan torpaqları olduğunu çox gözəl bilir.
Ağqoyunlular dövləti zamanı Eçmiədzinin ərazisi ermənilərə necə satıldı?
Məsələn, vaxtilə İrəvan xanlığının əhalisinin etnik tərkibini oğuz-türk boyları təşkil edirdi. Ancaq X əsrdən başlayaraq bu ərazilərə ermənilərin böyük köçü başladı. 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın dövründə erməni katolikosluğunun Kilikiyadan Çuxur-Səəd əmirliyinin Vağarşabad kəndindəki Üçkilsə (Eçmiədzin) monastırına köçürülməsindən sonra müxtəlif yerlərdən axışıb gələn azsaylı ermənilər (haylar) xanlığın ərazisində tədricən məskunlaşdılar.
MÖVZU İLƏ BAĞLI:
Avropa İttifaqından gələn təklifdə Zəngəzur dəhlizi ilə bağlı mühüm məqam - TƏHLİL
Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1432-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi iri torpaq mülkiyyətçisi Əmir Rüstəm xəzinə torpaqlarında yerləşən 7 kəndi – Eçmiədzin (Üçkilsə) monastırının yerləşdiyi Vağarşabad kəndini və Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni kəndlərini Qriqor Makuluya satıb. O, da öz növbəsində həmin kəndləri Üçkilsə monastırına bağışlayıb.
İrəvan quberniyasında kəndlərin 70 faizində azərbaycanlılar yaşayırdı
1865-ci ilin məlumatına görə, İrəvan quberniyasında mövcud olan 1198 kəndə 694-də azərbaycanlılar, 413-də ermənilər, 10 kənddə ruslar, 91 kənddə isə ermənilərlə azərbaycanlılar qarışıq şəkildə yaşayırdılar.
XX əsrin əvvəllərində azərbaycanlılar İrəvan qəzasında hələ də əhalinin əksəriyyətini təşkil edirdi. Həmin vaxt İrəvan qəzasında yaşayan 121 min 809 nəfər əhalinin 54, 1 faizini azərbaycanlılar, 37,5 faizini ermənilər, 6,5 faizini kürdlər, 0,7 faizini isə ruslar təşkil edirdi.
1918-ci ildə Qafqaz Seymi dağılanda ermənilər məhz İrəvan xanlığı ərazisini özlərinin müstəqil dövləti elan etdilər. Bununla belə o zamanlar bütöv Zəngəzur Azərabycanın tərkibində qalmışdı. Məhz Sovet İttifaqı yaradılanda Qərbi Zəngəzur Azərbaycandan qoparıldı.
Qərbi Zəngəzura status tələbi tarixi zərurətdir
Nəhayət, 100 ildən sonra Azərbaycanın ədaləti bərpa etmə təşəbbüsü tamamilə qanunauyğundur. Ona görə də Ölkə büşçısının son bəyanatı hər bir azərbaycanlı üçün bir fəaliyyət proqramıdır.
Qeyri-hökümət təşkilatları, siyasi partiyalar, ictimai birliklər bu məsələnin beynəlxalq aləmdə təşviq edilməsi üçün davamlı şəkildə iş aparmalıdır.
Surxay Atakişiyev, Bizim.Media