Şəhid oğlunun arzusunu gerçəkləşdirən ata Ağdam torpağında - FOTO  

Hazırda oxunan: Şəhid oğlunun arzusunu gerçəkləşdirən ata Ağdam torpağında - FOTO  

84266

“Əgər müharibə olarsa və şəhid olsam, bu bayrağı mən və digər şəhid qardaşlarım əvəzindən Çobandağ zirvəsinə sancarsan”.

Bu sözlər 44 günlük Vətən Müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan kapitan Əsəd Fərhad oğlu Həsənova məxsusdur. Bu gün onun ən böyük arzusunu reallaşdırmaq üçün ailə üzvləri – atası və bacısı Ağdam torpağındadır.

Fərhad Həsənov İmişli rayonunun Şahverdi kəndindəndir. O, qızı Əsəd Günay Fərhadqızı ilə birlikdə Ağdamın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə səfər edir.  

Fərhad kişi bildirir ki, Şahbulaq qalasını və Çobandağ yüksəkliyini görmək onlar üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ailənin tək oğul övladı, şəhid kapitan Əsəd Fərhad oğlu Həsənovun ən böyük arzusu Çobandağ zirvəsini və onun ətəyində yerləşən Şahbulaq qalasını görmək olub:  
“Oğlum Ağdamda xidmət edirdi. Artilleriya diviziyasının qərargah rəisi idi. Dəfələrlə yanına gəlmişdim. Onun atəş mövqelərinin qarşısında bu dağ görünürdü. Həmişə bura həsrətlə baxıb, bir gün mütləq azad edəcəyik, deyirdi”.

Kapitan Əsəd Həsənov Vətən müharibəsi zamanı cəbhənin Ağdam istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailənin tək övladı olan şəhidin bir oğul, bir qız övladı yadigar qalıb.

Bacısı Əsəd Günay Fərhadqızı təskinliyi onun övladlarından, bir də qardaşının arzuladığı torpaqların azad edilməsindən aldığını deyir:  

“Buraları gəzmək başqa bir hissdir. Əminəm ki, qardaşımın ruhu bu ərazilərdə gəzir və bundan çox şaddır. Hər qarışında izləri, zəhməti var. Ona görə də bu kənd mənə çox doğmadır. Qalanın hər daşına əlimi vuranda Əsədimin əlinin istiliyini hiss edirəm”.  

Ailə ilə qalaya daxil oluruq. Ətrafı maraqla seyr edib qalanın tiklimə tarixi və səbəbi haqqında fikir mübadiləsi aparırıq. Ancaq Çobandağ zirvəsinə çıxmaq mümkün olmur. Buna iki səbəb var, biri icazə məsələsi, digəri isə komandirin zirvəyə sancılması üçün dostlarından birinə əmanət etdiyi bayrağın gətirilməməsi idi.

Ona görə də, Fərhad kişi bununla bağlı rəsmi müraciət edəcəyini bildirir:

“Müharibədən bir neçə gün öncə Əsəd bir günlük icazə alıb evə gəlirdi. Həmin vaxt Ağdamdan olan dostlarından biri ilə görüşüb ona bayraq verib.  

“Əgər müharibə olarsa və şəhid olsam, bu bayrağı mən və digər şəhid qardaşlarım əvəzindən Çobandağ zirvəsinə sancarsan”, -deyib dostuna. Düşünürəm ki, onun bu arzusunun həyata keçməsi ailəmiz üçün də növbəti bir təsəlli olar. Ona görə də mən həmin tədbiri ailə üzvlərimizlə yanaşı, onun döyüş yoldaşlarının da iştirakı ilə həyata keçirməyi planlaşdırıram”.  

Fərhad Həsənov səfər çərçivəsində Ağdam şəhərinin xarabalıqları, Ağdam Cümə Məsçidi və Şəhidlər xiyabanı ilə də tanış olub.  

O, şəhid oğlunun sevib, uğrunda can verdiyi torpaqları öz doğulduğu kənddən seçmədiyini diqqətə çatdırır. O, Ağdam xarabalıqlarını – “Ruhlar şəhəri”ni şəhid kapitan Əsəd Həsənovun Vətəni hesab etdiyini bildirir.  
Gələcəkdə bizi daha qürurlu günlər gözləyir. Qarabağın bərpası, şəhərlərin salınması, yurd həsrətində olan köçkünlərin yurda dönüşü, bir də neçə-neçə igid şəhidin arzusu olan şanlı Azərbaycan bayrağının o zirvələrdə dalğalanması gözləyir bizi həmin gələcəkdə...  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin