“Bizi urvatdan salmayın” – Qazi Asəf Məmmədli ilə MÜSAHİBƏ

Hazırda oxunan: “Bizi urvatdan salmayın” – Qazi Asəf Məmmədli ilə MÜSAHİBƏ

83986

Müsahibimiz Məmmədli Asəf 1994-cü ildə Bakı şəhərində anadan olub. 44 günlük Vətən müharibəsinə çağırışçı kimi yollanan Asəfin yanına top mərmisinin düşməsi nəticəsində bud-çanaq oynağı tamamilə sıradan çıxıb. Onurğa və bağırsaqları ciddi zədələnib. Dediyinə görə, sağ ayağının sinir təchizatı indi bərpa olunur. Ailənin yeganə oğul övladı olan Asəfi gəlin

Bizim.Media-ya verdiyi müsahibə ilə tanıyaq.

- Asəf bəy, hazırda özünüzü necə hiss edirsiniz? Ağrılarınız çoxdur?

- Ağrılarım zamanla azalmaqdadır. Hazırda bud-çanaq hissəm protezdir. Allahın, dövlətimizin və həkimlərimizin sayəsinə sağlamlığımı bərpa edib normal həyata qayıtmağa çalışıram. 15 İyun Milli Qurtuluş günündə “Khazar azsomand” markalı avtomobillə təmin olundum. Şükürlər olsun ki, avtomobilimi özüm idarə edərək müalicələrə gedirəm. Müalicələrim davam edir və xeyli irəliləyişlər var.

- Sizi acı xatirələrə qaytarmaq istəmzdik, amma müharibədən danışarkən bir növ qazilərimizin şücaətlərini də, yad etmiş oluruq.

- Müharibədə sağlamlığımı itirsəm də, torpaqlarımızı qazanmaqda mənim də payım oldu. Mən Suqovşanı, digər bir qazi Fizulini, şəhadət göstərən şəhidlərimiz Şuşanı, Xocavəndi və digər işğal altında olan torpaqları qazanmış oldular. Mən ona görə xoşbəxtəm ki, həyatda ən dəyərli nemət olan canımla torpaq qazanmışam. Kiməsə və nəyəsə görə yox, Vətənə borcuma görə döyüşmüşəm.

- Müharibədən sonrakı zamanlarda sizə ailədən əlavə hansı  qurumlar tərfindən dəstək göstərildi? Bunları bizimlə bölüşə bilərsiniz?

- Ümumilikdə 8-9 dəfə əməliyyat olundum və hamısını da dövlət qarşıladı. Müalicələrimə bir qəpik də olsun, xərcim çıxmayıb. Dərmanları almaqda çətinlik çəkdiyim vaxtlar “Yaşat” Fonduna müraciət etmişəm və 2-3 gün sonra həll ediblər. Həmçinin məni protezlə də məhz “Yaşat” Fondu təmin etdi. Əlillik pensiyam 530 manat hər ay vaxtında ödənilir. Avtomobildən sonra ev növbəsinə də yazılmışam.

- Bəs İcra Hakimiyyəti necə, sizinlə maraqlanır?

- Mən Xəzər rayonunda yaşayıram və müharibədən gəldiyim gündən bu günə kimi məni diqqətdə saxlayıblar. Bələdiyyə və digər qurumlar ara-sıra gəlib xəbər bilirlər, amma rayon rəhbərliyi məni xüsusi diqqətdə saxlayır. Diqqət deyərkən maddiyyatı nəzərdə tutmuram və heç nəyi pulla ölçmürəm. Sağolsun ki, evimə kimi gəlib mənimlə maraqlanır, söhbət edir. çayımızı içir. Sağlamlığını itirən adama baş çəkən hər kəs bir növ onun yaralı qəlbini də sevindirmiş sayılır.

- Asəf bəy, yəqin ki siz də, son günlərdə qazilərimizlə bağlı baş verən neqativ məsələdən xəbərdarsız. Bir qazi kimi bu barədə nə düşünürsünüz?

- Məncə hər kəs etdiyi hərəkətə görə birinci özü məsuliyyət daşıyır. Qazimizin özünü yandırması məni çox üzdü, çünki mən onun çəkdiyi ağrıları, müharibə zamanı keçirdiyi sarsıntıları çox yaxşı başa düşürəm və ümid edirəm ki, belə hal bir daha təkrarlanmaz. 

Qazi qardaşlarıma səbrli olmağı tövsiyə edirəm. Peyğəmbərimiz Məhəmməd (s.ə.v) həmişə deyərdi ki, “səbr əvvəlcədən qazanılmış qələbədir”. Bizim də, əsas məqsədimiz torpaqlarımızı işğaldan azad edib, qələbə qazanmaq idi. Şükürlər olsun ki, buna da nail olduq. Axı döyüşərkən biz qarşımıza məqsəd qoymamışdıq ki, bunun əvəzini istəyəcəyik. Ən böyük istəyimiz Qələbə idi, şükür Allaha ki, o da bizə nəsib oldu.

- Qələbədən və qazilərdən danışdınız. Ola bilərmi ki, hansısa qüvvələr təxribat məqsədi ilə qazilərin adından sui- istifadə etməyə çalışsınlar?

- Xalq olaraq birləşib el birliyi ilə bu tip qüvvələrin qarşısını almağa çalışmalıyıq.  O tip qüvvələrə səslənirəm ki, biz döyüşəndə onlar harda idilər?  Niyə məhz qanı ilə torpaq qazanmış qazilərlə gündəmə gəlməyə çalışırlar? Burada “qəhrəmanlıq” göstərməyə ehtiyac yoxdur, bizim dərdimiz varsa, deməyə ünvan da tapacağıq. Qazi adından sui-istifadə edənlərə də sələnirəm, bizi urvatdan salmayın.

Biz Vətənçün döyüşdük, qismət-qədərimiz də Allahdandır. Bu gün Azərbaycanda heç bir qazı, şəhid ailəsi diqqətdən kənar deyil. Bəzi qanmaz, düşüncəsiz məmurlar varsa, onun da qanuni yolu var, dərdimizi dövlətə deməliyik. Şəxsən Ali Baş Komandanımıza çatdırmalıyıq. Bir də ki, bu boyda qələbənin qarşısında qalan hər şey təfərrüatdır. 

- Asəf bəy, bu günə kimi ürəyinizdə qalan hər hansı bir arzunuz varmı?

- Ən böyük arzum sağlamlığımı bərpa etmək və Şuşamızı görməkdir. Mən müharibə zamanı Şuşaya kimi getməyi düşünsəm də bu mənə qismət olmadı. Ümid edirəm ki, “Yaşat” Fondu tezliklə qazilərimiz üçün Şuşaya səfərlər təşkil edər və mən də,dərman  hesab etdiyim Şuşa havasını içimə çəkərəm.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin