Müharibə veteranlarının övladları ödənişli təhsildən azad edilə bilərmi?

Hazırda oxunan: Müharibə veteranlarının övladları ödənişli təhsildən azad edilə bilərmi?

83846

Azərbaycan Prezidentinin 2001-ci ildə imzaladığı sərəncam və Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan, eyni zamanda birinci və ikinci qrup əlil, həmçinin məcburi köçkün ailələrinin övladları ödənişli Ali və Orta İxtisas təhsili aldığı təqdirdə vəsait dövlət tərəfindən qarşılanır.

Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın uğurlu qələbəsi və ölkənin iqtisadi imkanlarının güclənməsi bu siyahıya Milli Qəhrəman, qazi və müharibə veteranlarının övladlarının daxil olmasını da, arzu olunan edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dövlət hesabına təhsil alan tələbələrin SAYI açıqlandı 


“Müharibəyə qatılıb orada iştirak edən hər kəs potensial şəhid və ya qazidir. Onların da övladlarının ödənişsiz təhsil almaq hüququ var və bu maddi cəhətdən dövlət büdcəsi üçün elə də böyük fərq yaratmayacaq”

Ekspert vurğulayıb ki, hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min, 54 orta ixtisas təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır:

“Ümumilikdə Azərbaycanda 250 min tələbənin 132 mini ödənişli əsaslarla oxuyur. Bilirsiniz ki, 2019-cu ilə qədər Azərbaycanda qəbul üzrə plan yerinin 31 faizi ödənişsiz, qalanı isə ödənişli idi. Ölkə prezidentinin 2019-cu ildə imzaladığı sərəncama əsasən ali təhsil müəssislərinin ümumi plan yerinin 45 faizi 2020-ci ildə, 2021-ci və 2022-ci ildə isə 50 faizi ödənişsiz plan yeri oldu. Yəni bu gün ali təhsil müəssisələrimizin 50 min plan yerinin 25 mini pulsuzdur. Hər iki nəfərdən biri pulsuz ixtisasa qəbul olunub.
 

Mövcud qərara görə müəyyən katerqoliyalı insanlar yəni Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid, eyni zamanda birinci və ikinci qrup əlil olanlar məcburi köçkün ailələrindən olan tələbələrin sayı 30 mindən çoxdur ki, onlar ödənişli əsasla universitetə daxil olduqda ödənişləri dövlət tərəfindən ödənilir.


Milli Qəhrəmanların övladları isə təhsil haqqından azad deyillər. Bu kateqoriya genişlənməlidir. Mən inanıram ki, Nazirlər Kabineti ali təhsil müəssisələrində  ödənişli əsasla oxuyub təhsil haqqı dövlət tərəfindən ödənilənlərin kateqoriyasında da dəyişiklik edəcək. Digər tərəfdən bu qiyabi təhsil alan tələbələrə də şamil edilməlidir. Hər bir qazi potensial şəhid və əlildir. Çünki onlar müharibəyə gedən zaman sağlamlıqlarını itirməyi və ya ölməyi gözə alıblar”.

Azərbaycanın iqtisadi potensialının kifayət qədər böyük olduğunu söyləyən ekspert əlavə edib ki, dövlətimiz hazırda milli qəhraman, qazi və veteran övladlarının da təhsil haqqlarını ödəmək iqtidarındadır:

“2013-cü ildə Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyasında bir tələb var idi: Ali təhsilin əlçatanlığının təmin edilməsi və əhatə dairəsinin genişlənməsi. Bu prinsip reallaşmalıdır. Digər kateqoriyadan olan ehtiyaclı insanların da təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi təmin olunmalıdır. Saydığımız digər kateqoriyaya aid insanların övladlarının sayı 29 mindir. Buraya qazi və veteran övladlarını da əlavə etsək, bu say maksimum min nəfər artacaq və bunu ödəmək dövlət üçün ciddi bir problem deyil”.

Hazırkı qaçqın və məcburi köçkünlərin tezliklə öz yurd-yuvalarına qayıdaraq “qaçqın” statusundan azad olacağını da nəzərə alsaq, onda bu yük xeyli azalacaq: 

“Mən inanıram ki, qaçqın və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıtdıqdan sonra onların övladlarının təhsili üçün dövlətin ayırdığı xərclər xeyli azalacaq və bu mənada həmin vəsaitin çox kiçik bir hissəsinin qazi və müharibə veteranlarının övladlarının təhsilinə yönləndirilməsi, istənilən halda həm dövlət, həm də bu qəbildən olan insanların övladları üçün xeyirli bir qərar olacaq”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin