“Yüksəliş” müsabiqəsi final mərhələsinə start verib.
Bizim.Media xəbər verir ki, “Bakı Ekspo Mərkəzi”ndə baş tutan müsabiqənin final mərhələsi çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda idarəçi rəhbərlərin çıxışı baş tutub.
Panel müzakirələrinin birinci hissəsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Nəcəf, ikinci hissəsi isə, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, “Paşa Holding”in baş icraçı direktoru Cəlal Qasımov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən aparıldı.
Müzakirələrdə birinci “Yüksəliş” müsabiqəsinin qalibləri də iştirak edib.
İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar.
Panel müzakirələri çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunun gündəmə gətirilməsinin əsas məqsədi müsabiqənin finalçılarına peşəkar idarəçilərin təcrübələrini dinləmək imkanı yaratmaq, idarəetmə sistemində yeni yanaşmaların, səmərəli insan kapitalının yetişdirilməsinin əhəmiyyətini vurğulamaqdır.
Qeyd edək ki, müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” formatında keçirilir.
Bu təcrübə ölkəmizdə imtahan sistemində ilk dəfə tətbiq edilir. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur.
Finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparır. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların 8 səriştəsi ( strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir.
Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.
Qeyd edək ki, final mərhələsi 3 gün davam edəcək və müsabiqə 17 iyulda yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçıları 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:52 / 15.07.2022
“Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verildi – FOTO
Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verildi – FOTO
Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verildi – FOTO
83843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.