Jalə Əliyeva inkar etdi: “O fikri mən səsləndirməmişəm”

Hazırda oxunan: Jalə Əliyeva inkar etdi: “O fikri mən səsləndirməmişəm”

8378

Son vaxtlar ölkəmizdə koronavirus infeksiyasına yoluxma sayının günü-gündən azaldığını müşahidə edirik.

Belə olan halda yanvarın 18-dən sonra sərt karantin rejimi başa çatacaqmı? Kafe, restoran, mağazaların açılmasına, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilə bilərmi? 

İndi bu sualın cavabı hər kəsi düşündürür. Mövzu ilə bağlı millət vəkili Jalə Əliyeva ölkə mediasına pandemiyadan sonra 50, 70, 100 nəfərlik məclislərin qurulmasının daha məqsədəuyğun olduğunu deyib və əlavə edib ki, verilən qərardan asılı olaraq bu say daha çox ola bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Jalə Əliyeva: “2020-ci ildə müxalifət parlamentdə rəhbər orqanlarda təmsil olundu”​​​​​


Bizim.Media-ya açıqlamasında deputat bu fikrin ona aid olmadığını bildirdi:

“50-100 nəfərlik toylara icazənin verilməsi fikri mənim deyil. Mən elə söz deməmişəm. Demişəm ki, yumşalmalar olarsa, kiçik məclislərə icazə verilə bilər. 50-100 nəfər jurnalistin öz fikridir”.

Millət vəkili koronavirusa yoluxma sayının azaldığını xüsusi vurğuladı:

“Yoluxma 4 minə qalxmışdı. Sərt karantin rejimi tətbiq edildikdən sonra yoluxma sayı 400-500-ə endi. Bu şəkildə davam edərsə, Operativ Qəraragah sərt karantin rejimini bir daha nəzərdən keçirəcək, hətta yumşalmalara da başlanılacaq”.

“Həqiqətənmi sərt karantin rejimi virusun azalmasına səbəb oldu? 18 yanvardan sonra  yumşalmağa gedə bilərikmi?” suallarını isə Jalə Əliyeva belə cavablandırdı:

“Biz də hər gün o statistikanı izləyirik. Bundan başqa gündəlik ətrafımızda olan insanların, qohum-qardaş, dostun az yoluxduğunun  şahidi oluruq. Mənim millət vəkili olduğum rayondan hər gün həyəcan siqnalı gəlirdi. Virusa yoluxan insanların köməyə ehtiyacları olması ilə bağlı müraciətlər çox olurdu. Onlara xəsətəxanlara yerləşməyə, müalicə üçün kömək lazım olurdu. Xəstə sayı o qədər çox idi ki, ətrafındakı insanlardan kömək istənilirdi. Mənə daxil olan müraciətləri müqayisə edirəm, görürəm ki, son 10 gündə bu müraciətlərin sayı azalıb. Deməli, azalma var ki, insanlarımız müraciət etmirlər. Bu rəqəmlərə öz müşahidələrimə əsasən güvənirəm”.

Millət vəkili onu da vurğuladı ki, hər belə azalmalarda insanlarımız rahatlaşır: 

“Tədbirləri unuduruq, məsələyə laqeyd yanaşırıq. Yoluxma sayı sıfıra düşsə də ayıq-sayıqlığı itirməməliyik. Əlaqədar qurumlar şəraitə uyğun addımlar atmalıdırlar”.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin