Nərminin qətli ilə bağlı məhkəmə niyə baş tutmadı? - VƏKİLİ AÇIQLADI

Hazırda oxunan: Nərminin qətli ilə bağlı məhkəmə niyə baş tutmadı? - VƏKİLİ AÇIQLADI

83588

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İlkin Süleymanovun vəkili Əlibaba Rzayev bildirib. 
Vəkil qeyd edib ki, məhkəmə prosesinin baş tutmamasına səbəb cinayət işi üzrə işə baxan hakimlərdən birinin məzuniyyətdə olmasıdır: 

“Bu səbəbdən məhkəmə iclası keçirilmədi. Prosesin nə vaxt keçiriləcəyi isə hələki məlum deyil”.
 

MÖVZU İLƏ BAĞLI:

10 yaşlı Nərminin qətli ilə bağlı şahidlər danışdı: “Cinayəti İlkinin törətdiyinə inanmırıq”


​​​​​​​Əlibaba Rzayev deyib ki, prokurorluq tərəfindən Nərmin Quliyevanın nənəsi Minayə İsmayilova dindirilib: 

“İş materiallarında bununla bağlı ifadəsi də var. Amma prokurorluq məhkəmədə dindirilən vacib şahidlərin siyahısına Minaya xanımın adını qeyd etməyib. Bu səbəbdən biz hesab etdik ki, Minaya xanım əsas şahidlərdən biri olub. O, işlə bağlı mühüm ifadə verib. Buna görə də onun şahid qismində məhkəmədə dindirilməsinin vacib olduğunu vurğuladıq. Bununla bağlı vəsatət verdik. İlkin mərhələdə vəsatətimiz təmin olunmadı. Amma biz yenə də vəsatət hazırlayırıq. Minayə xanımın dinidiriməsinin vacib olduğunu əsaslandırcağıq. Növbəti iclaslar da onun dindirilməsi üçün vəsatəti məhkəməyə təqdim edəcəyik”.

Qeyd edək ki, bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baxılır.

2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin