İslahata başlayan mediada bu yeniliklər olmalıdır – Media kapitanlarından TƏKLİF

Hazırda oxunan: İslahata başlayan mediada bu yeniliklər olmalıdır – Media kapitanlarından TƏKLİF

8351

Yeni yaradılan Medianın İnkişafı Agentliyi çap mediası ilə bərabər onlayn media subyektləri və informasiya agentliklərinin layihələrinə də maliyyə dəstəyi verəcək.

Bu, Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsində öz əksini tapıb.

Maraqlıdır, medianın islahatlara cəlb olunması hansı yenilikləri gətirəcək? 

“APA Group”un baş direktoru Vüsalə Mahirqızı Bizim.Media-ya açıqlamasında yeni yaradılan agentliyin funksiyasının 3 istiqamətdə aparılmasını vacib sayır:  

“İlk istiqamət media standartlarının yaradılmasıdır. Xüsusən internet media sahəsində standartların yaradılması, hansı qurumların media internet qurumları hesab olunması, bu qurumların fəaliyyət sxeminin necə təşkili məsələləri əhəmiyyət daşıyır. Eləcə də jurnalistlərlə bağlı standartların müəyyənləşdirilməsi və o standartlara uyğun olan qurumlara, yaxud media mənsublarına vahid press kartların verilməsi məsələsi həll olunmalıdır. Vahid vəsiqə məsələsi həll olunanda, reket jurnalistlər və təkadamlıq saytlardan qurtulmuş olacağıq”. 

İkinci funksiya barədə danışan Vüsalə Mahirqızı “KİV haqqında” qanunun dəyişdirilməsi və bu qanunun günün tələbinə cavab verməsi məsələsini önəmli hesab edir. 

Onun sözlərinə görə, indiki qanunumuz internet media reallıqlarını nəzərə almır:

“Üçüncü məsələ yeni yaradılan Agentliyin media ilə dövlət qurumları arasında kommunikasıyanın normal şəkildə təmin olunması üçün işlərin görülməsidir. Bu işlər adminstrativ şəkildə görülə bilməz. Burada peşəkarlığın artırılması, müəyyən seminarların və qarşılıqlı görüşlərin keçirilməsi vacibdir. Sosial media ilə bağlı isə ayrıca araşdırma və monitorinq qrupu fəaliyyət göstərməlidir. O mərkəzin ayrı səlahiyyətləri və iş prinsipi olmalıdır”. 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu medianı islahatlara möhtac olan bir sektor kimi qiymətləndirib:

“Azərbaycanın bundan əvvəl digər hakimiyyət qolları islahatlara məruz qaldı. Nazirlər Kabineti və bütövlükdə icra hakimiyyəti strukturunda dəyişikliklər oldu. İndi də dördüncü hakimiyyət islahatlara cəlb olunub. Məsələyə bu cür və qlobal baxıram. Yalnız ayrı-ayrı detalları deyil, bütövlükdə prosesi diqqətə almaq tərəfdarıyam və ümidliyəm. Hesab edirəm ki, Azərbaycan prezidentinin verdiyi fərmanla ölkədə media sektorunun islahat prosesinə cəlb olunması, buna start verilməsi, gücləndirilməsi və yüksəldilməsi, eləcə də dünya standartlarına gətirilməsi prosesinə təkan verilmiş oldu”. 

Azərbaycanın yaxşı informasiya potensialına malik olduğunu vurğulayan Rauf Arifoğlunun sözlərinə görə, yeni qurumdan gözləntisi həddindən artıq yüksəkdir:

“Ölkəmiz indiyə kimi və bundan sonra da informasiya müharibəsinə qlobal mənada ideoloji savaşlara cəlb olunmuş bir ölkədir. Onun informasiya sektoru mükəmməl, təkmil və çoxdilli olmalıdır. Bunlar qeyd olunan sahənin gələcək kateqoriyasında heç də uzaqda deyil. Başlamış islahat prosesi Azərbaycanı bu hədəfə gətirib çıxara biləcək”.

Alçina Amilqızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin