Bakıda tanınmış rejissorun evi sökülüb, əşyaları isə daşınıb.
Söhbət Nəsimi rayon sakini Elşən Əli Nurdan gedir. Evi sökülən vətəndaş 6 gündür ki, küçədə qalır.
Bununla bağlı Bizim.Media-ya müraciət edən şikayətçinin iddiasına görə "Azəri Tikinti" MMC bir neçə gün əvvəl onun “28 Residence” yaşayış kompleksinin ətrafındakı evini söküb və əşyalarını aparıb.
Dediyinə görə evində dəyərli əşyaları və pulu da olub. Amma bunların aqibətindən nə özünün, nə də evi sökən şirkət əməkdaşlarının xəbəri var:
“Ərazidə söküntü-tikinti işləri aparılır. Atam Rusiyada olduğu üçün onlarla tam razılığa gəlməmişdik. Buna görə 3-4 gün vaxt istəmişdim. Ayın 5-i gecə işdən qayıdanda evimin uçurulduğunu gördüm. Məlumat vermədən və xəbərdarlıq olunmadan evi söküblər.
İçərisindəki əşyaları isə şirkətin həyətinə daşıyıblar. İşimlə əlaqədar texniki və dəyərli əşyalarım, pullarım yoxdur. Özlərindən soruşuram, “məlumatımız yoxdur” deyirlər”.
Şikayətçinin sözlərinə görə, evi söküləndən sonra Nəsimi Rayon İcra Hakimiyyətində baş memarla və “Azəri Tikinti" şirkətinin rəsmisi ilə görüşüb.
Hər iki şəxs evinin guya qəza şəraitində çökdüyünü bəhanə gətirib:
“Onlardan soruşuram ki, qəza şəraitində ev necə çökə bilər ki, əşyalar götürülüb. Divar kağızı, taxta və digər materiallara qədər aparılıb. Gecə kiminsə evinə müdaxilə edirsən, əşyaları aparırsan və evi darmadağın edirsən. Bu artıq dələduzluq və oğurluqdur. Hüquqi dövlətdə belə qanunsuzluq olar?
Hazırda vəkilimlə evimdəki əşyalarımın siyahısını hazırlayıram. Hüquqi müstəvidə problemimin həllini tələb etmək üçün məhkəməyə müraciət etmişəm. Dövlətin də ədalətinə güvənirəm.
Yəqin ki, bu özbaşınalıqla bağlı müvafiq addımlar atılacaq”, -deyə rejissor əlavə edib. Yazıda adı çəkilən şirkətlə əlaqə saxlasaq da, danışmaq cəhdimiz baş tutmayıb. Şirkətin də mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 11.07.2022
Tanınmış rejissorun evini başına UÇURDULAR - ŞİKAYƏT+FOTO
Hazırda oxunan: Tanınmış rejissorun evini başına UÇURDULAR - ŞİKAYƏT+FOTO
Hazırda oxunan: Tanınmış rejissorun evini başına UÇURDULAR - ŞİKAYƏT+FOTO
83287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.