Azərbaycanda dağıdıcı zəlzələ OLACAQ? – Qurban Yetirmişlinin PROQNOZU  

Hazırda oxunan: Azərbaycanda dağıdıcı zəlzələ OLACAQ? – Qurban Yetirmişlinin PROQNOZU  

83258

Son vaxtlar Azərbaycana qonşu olan ölkələrdə yeraltı təkanlar hiss olunur.   

Ötən gün Türkiyənin Van vilayətinin Tuşba rayonunda 4.1, bu gün Gürcüstan-Ermənistan sərhədinin Sameba kəndində 4.8 bal gücündə iki zəlzələ baş verib.  

Bundan əvvəl isə İranın cənubunda yerləşən Hörmüzqan vilayətində davamlı zəlzələlər nəticəsində Sayexoş kəndi tamamilə dağılıb.

Qonşu ölkələri bürüyən afterşoklar Azərbaycanda da zəlzələ təhlükəsi ehtimalını artırıb. Hətta bir neçə aktiv ekstrasenslər ölkəmizdə də dağıdıcı zəlzələ proqnozları verməyə başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan-Ermənistan sərhədində üçüncü ZƏLZƏLƏ - YENİLƏNİB 


Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli yaxın günlərdə güclü və ya dağıdıcı zəlzələ təhlükəsinin gözlənilmədiyini bildirib:

“Azərbaycanın özündə də yeraltı təkanlar çox olur. Hər gün 30-40 xırda və hiss olunmayan yeraltı təkanlar müşahidə edilir. Yerdaxili proseslər var və olmalıdır. Dünya üzrə götürəndə böyük plitələrin hərəkəti mövcuddur.

Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur. Gürcüstan-Ermənistan sərhədində olan zəlzələ Cavaxeti dağlarında hiss olunur ki, orada yaşayış məntəqəsi yoxdur. Azərbaycana nisbətən İranda güclü zəlzələlərin olması daha aktivdir. Çünki Ərəbistan plitəsi onları cənubdan sıxır.

Amma bizdəki təkanlar həmin o blokların hərəkəti nəticəsində baş verən zəlzələlərdir. Şükür ki, enerji boşalması və parçalanmalar gedir. Onun olmağı daha yaxşıdır, nəinki susmağı...”
Qurban Yetirmişli bəzi ekstrasenslərin qorxulu zəlzələ proqnozlarına da münasibət bildirib.

O, elmlə falı müqayisə etməyin tərəfdarı olmadığını deyib:

“Onların proqnozları bilirsiniz nəyə bənzəyir? Deyir Azərbaycanda qışda qar yağacaq, yayda isə isti keçəcək. Olanda da deyirlər ki, ekstrasens demişdi. Olmayanda, yada düşmür. Zəlzələ hər gün baş verir. Amma katastrafik və ya dağıdıcı zəlzələ ehtimalı yaxın günlər üçün yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin