“Azərbaycan son 3 ildə kibercinayətkarlıq və informasiya təhlükəsizliyi təhdidiləri ilə tez tez rastlaşır”.
Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Kibertəhlükəsizlik üzrə ekspert Fuad Niftəliyev söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan hakerləri tərəfindən erməni saytları dağıdıldı - FOTOFAKT
Ekspert bildirib ki, 2019-cu ildə fərdi kompyuter istifadəçilərinin 42%-i kiber hücumlara məruz qalıb, bir çox istifadəçilərin kompyuterlərinin yaddaş saxlama və ya sərt disklərinə zərərli proqram təminatları yayılıb:
“Bunlar arasında şifrələmə və təhdid proqramları xüsusi yer tutur. Təkcə “Kaspersky” internet təhlükəsizlik proqramı 2019-2020-ci illərdə 7500-ə yaxın zərərli proqram təminatı aşkarlayıb və 400.000-.ə yaxın fişinq saytlarına yönəltmə cəhdinin qarşısını alıb”.
Açıqlamasında 44 günlük müharibə zamanı baş verən kiber hücumlara da toxunan Fuad Niftəliyev əlavə edib ki, müharibə dövrü ərzində hətta enerji sektoruna da kiber hücumlar olunub:
“SCADA külək turbin sistemləri də, bu zərərlə qarşılaşan sektorlardan biri olub. Hücumlar həm dövlət sektorlarına, həm də özəl sektorlara hədəflənmişdi. Hücumların əksəriyyəti uzaqdan giriş troyanı sayılan “RAT” ilə bağlılığı var idi. Talosun məlumatına görə hakerlər sənaye və enerji sektorları ilə ciddi maraqlanıblar”.
Hazırda kiber təhlükəsizliklə bağlı qanun layihəsinin də işləndiyini deyən ekspert, dövlət qurumlarının və özəl sektorların kiber təhlükəsizliyi artıq strateji məsələyə çevirildiyini vurğulayıb:
“Bildiyiniz kimi ölkə başçısının göstərişinə əsasən bütün kritik infrastrukturların kiber təhlükəsizliyi yüksək səviyyədə təmin olunmalıdır. Hətta bunun üçün qanun layihəsi də, işlənir. Kənar kibertəhdidlər hər gün çoxalır və bu da, özü özlüyündə müəyyən insidentlərin yaranmasına gətirib çıxara bilər. Dövlət qurumlarının və özəl sektorların kiber təhlükəsizliyi artıq strateji məsələyə çevrilib. Bu yaxınlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Kiber Mərkəzin yaradılması, həmçinin Müdafiə Nazirliyində Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin istifadəyə verilməsi artıq kiberəthlükəsizlik ilə bağlı yanaşmanın ciddiyətini göstərir”.
Leyla Şah, Bizim.Media