Kamerası ilə öz ölümünü qeydə alan Milli Qəhraman Çingiz Mustafayevin qəfil ölümü ilə bağlı onu Naxçıvanikdə döyüş bölgəsindən çıxaran qazi Arif İsgəndərov o zaman cəbhədə yaşanan və hələ də, sirli qalan bir çox məqamlarla bağlı Bizim.Media-ya müsahibə verib.
Qeyd edək ki, Çingiz Mustafayev öldükdən az sonra Arif bəy də yaralanaraq ordudan uzaqlaşıb.
- Arif bəy, birinci Qarabağ müharibəsinə qatılmağınız necə baş verdi?
- Mən 1991-ci ildə könüllü MAXE kimi müharibəyə qatılmışam. Əsgəranın Naxçıvanik kəndi və Ağdamın demək olar ki, bütün istiqamətlərində döyüşmüşəm. Abdalgülablının ilk dəfə düşməndən geri alınmasında iştirak etmişəm. Həmçinin Abdalgülablıda vurulan bir vertolyotumuzun şəxsi heyətini döyüş zonasından çıxarmışam. 1992-ci ildə ayağımdan yaralanaraq ordudan təxris olunmuşam. Daha sonra isə həkimlərin səylərinə baxmayaraq bir ayağım amputasiya olunub.
- Bəs cəbhə bölgəsində Milli Qəhrəman Çingiz Mustafayevlə tanışlığınız necə oldu?
- Yadımdadır ki, 1992-ci ilin iyun ayı idi. Biz Naxxçıvanik kəndində döyüşürdük. Hətta Naxçıvanikdən düşmən istiqamətində irəlliləyib bir neçə postunu ələ keçirmişdik. Qəflətən Çingiz Mustafayev bizim yanımıza gəldi və söylədi ki, onu bir aydır işdən çıxarıblar. Mən o zaman ona dedim ki, buranın hər saniyəsi ölümdür və yaxşı olar ki, geri qayıtsın. O isə təkid etdi ki, döyüş zamanı özü üçün kadrlar çəkmək istəyir. Həmçinin mənə bildirdi ki, sizin cəbhədə ölümlə çarpışdığınız an, mən kənarda dura bilmərəm.
Bir-iki kadr çəkəndən sonra bizə söylədi ki, səngərə çıxıb ermənilərə ataq və o da bizi çəksin. Atışma zamanı Çingiz bizim ortamızda durmuşdu. Bu zaman ermənilər iki minomyot atdılar. Onlardan biri BMP-nin yanına düşdü və qəlpəsi Çingizin qıçını yaraladı.
İkinci dəfə ermənilər atanda isə minamyotun qəlpəsi Çingizi qarnından tutdu ki, bu da onu ölümcül hala saldı. O zaman yadımdadır, Çingiz mənə dedi ki, onun belindən tapançanı götürüm. Mən irəli gedib Çingiz Mustafayevin belindən tapançanı götürdüm.
Sonra qışqırdım ki, gəlib kömək etsinlər. Kadrlarda eşidilən o məşhur səs “ayə gəlin kömək edin” məhz mənim səsimdir. Daha sonra Çingizi BMP-yə qoyub Naxçıvanik kəndinə gətirdim. Ordan təcili yardım maşınına mindirdim və yolda eşitdim ki, Çingiz Mustafayev dünyasını dəyişib.
- Çingiz Mustafayev bəlkə də, yeganə jurnalistdir ki, öz ölümünü lentə alıb. O yaralanan zaman kamera və ya çəkilişlə bağlı sizə nə isə dedi?
- Kamera otluğun arasına düşən zaman mən onu götürüb Çingizə tuşladım ki, onu ermənilərin vurması görünsün. Düzü, mən o zaman kamera ilə işləyə bilmirdim. O an elə bildim kamera çəkmir, ona görə də söndürüb yandırdım, amma sən demə hamısını çəkibmiş.
- Ölümündən öncə Çingiz Mustafayev onu kimin işdən çıxarması və yaxud hər hansı bir dövlət məmuru ilə mübahisə yaşaması ilə bağlı sizə nə isə demişdimi?
- Mən həmişə doğrunu söyləmişəm. Bu gün də hər şeyi olduğu kimi etiraf edəcəyəm. Çingiz o zaman mənə dedi ki, onu həmin vaxt Ali Sovetin Sədri Yaqub Məmmədov işdən uzaqlaşdırıb. Hətta onu da əlavə etmişdi ki, Çingizə cəbhə bölgəsində çəkdiyi bəzi kadrları üzə çıxarmamağı tapşırıbmış, lakin Çingiz onunla razılaşmayıb və buna görə də, Yaqub Məmmədov onu işdən azad edib.
- Çingiz Mustafayevin sifarişlə öldürülməsi ilə bağlı hələ də bəzi söz-söhbətlər gəzməkdədir. Onlara münasibətiniz necədir?
- Ölmədən öncə Çingizin yeganə sözü o oldu ki, ona çəkdiyi kadrları üzə çıxarmamağı əmr ediblər. O isə məhəl qoymadan lentə aldığı bütün kadrları yayımlayıb və buna görə də, onu işdən kənarlaşdırıblar. Özünün dediyinə görə o zaman Yaqub Məmmədovun sifarişlərini yerinə yetirmədiyi üçün onu işdən uzaqlaşdırdı. Rəhbər şəxslərdən başqa heç kim haqqında bizə danışmamışdı.
- Çingiz Mustafayevin ölümündən sonra o zamankı hakim dairələrdən sizə yaxınlaşmaq istəyənlər və ya nə isə soruşanlar oldumu?
- Heç kim bununla bağlı heçnə soruşmadı. Çingizin kadrda səsi də düşüb ki, “öldüm” və yadımdadır ki, o an qəlpə onun qarnından daxil oldu və o qışqırmağa başladı. Sağ çiynindən onu qaldıraraq başqa bir əsgərin köməyi ilə BMP-yə mindirdim. BMP-də qulağımı ürəyinə söykəyəndə ürək döyüntüsünü eşidə bilmədim. Gözlərinə baxıb gördüm ki, solğunlaşıb və o zaman Çingiz xırıldamağa başladı.
- Bəs sizin müharibədə yaralanmağınız necə oldu?
- Müstəqil Azərbaycanın ilk milli ordusu yaranan zaman mən MAXE kimi hərbi xidmətə başladım. Mənim olduğum hərbi hissə Milli Ordunun tərkibinə keçdi.. Çingiz vəfat edəndən bir neçə gün sonra ermənilər Naxçıvanik kəndinə hücuma keçdilər və biz müqavimət göstərərkən üzbəüz atışmağa başladıq. Düşmən snayper gülləsi ilə məni ayağımdan vurdu. Ayağımı itirdim və eyni zamanda da kürəyimdən qəlpə yarası aldım.
- Bu yaxınlarda Şuşaya səfər etmisiniz. Keçmiş döyüşçü kimi bu sizdə hansı hissləri oyatdı?
- QHT-lər üçün iyunun 29-da Şuşaya təşkil olunan səfərdə iştirak etməyim qazi kimi məni çox sevindirdi. Ora ilk ayaq basanda kövrək hisslər keçirdim. Qarabağ havası məni 30 il öncəyə apardı. Cəbhədə döyüş yoldaşlarımın və Çingizin qollarımda necə can verməsindən tutmuş, ac qarına düşmənə qalib gəldiyimiz anlara kimi hamısını xatırlamağa başladım.
Sovet dövründə Şuşada olmuşdum, lakin 30 ildir ki, Şuşanın həsrətində idim. Xoşbəxtəm ki, işğaldan azad olan Şuşamı görmək mənə də nəsib oldu. İndi mən Şuşanı “Azərbaycanın cənnəti” adlandırardım.
Şəhərdə sürətlə aparılan bərpa işlərinin də şahidi oldum. Allahdan bütün şəhidlərimizə rəhmət, Ali Baş Komandanımıza və özüm də daxil olmaqla, bütün qazilərimizə isə can sağlığı diləyirəm.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:07 / 05.07.2022
Çingiz Mustafayev necə öldürülüb? – Hadisəni anbaan görən QAZİDƏN MÜSAHİBƏ
Hazırda oxunan: Çingiz Mustafayev necə öldürülüb? – Hadisəni anbaan görən QAZİDƏN MÜSAHİBƏ
Hazırda oxunan: Çingiz Mustafayev necə öldürülüb? – Hadisəni anbaan görən QAZİDƏN MÜSAHİBƏ
82383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.