Bu gecə Zaqatala şəhərinin küçələrində sükut pozulub. Səbəb xoşməramlı olub.
Gecə saat 2-də Zaqatalada keçmiş döyüşçülər, qazilər, müəllimlər, Zaqatala İH-nin nümayəndələri, YAP-ın rayon təşkilatının sədri və üzvləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon təşkilatının üzvləri, bir sözlə, eşidən hamı "YAŞAT" Fondunun xətti ilə Türkiyədən müalicədən qayıdan həmyerliləri Şahid İbrahimovu qarşılamağa çıxmışdılar.
Hər kəs qazinin iki ildən sonra evə dönməsinə sevinərək qarşılamağa gəlmişdi.
Zaqatala İH-nin Vətən Müharibəsi İştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov da qazini qarşılayanlar sırasında olub.
O, Türkiyədən müalicədən qayıdan Şahid İbrahimovun ailəsinə gözaydınlığı verərək, qazimizə sağlamlıq arzulayıb və bildirib ki, dövlət həmişə onun yanında olacaq.
Bütün bunlar barədə Bizim.Media-ya Zaqatalanın ən fəal ictimayyətçi müəllimlərindən olan Xalidə Şabanova məlumat verib.
Tarix müəllimi X.Şabanova qazinin rayonda böyük sevinclə qarşılandığını deyib.
Qeyd edək ki, Vətən Müharibəsi qazisi Şahid Samir oğlu İbrahimov müharibənin bitməsinə bir gün qalmış Şuşa döyüşlərində ağır yaralanmışdı.
O, “YAŞAT” Fondunun dəstəyi ilə iki ildir Türkiyədə müalicədə idi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu