"Bəzən özüm özümü tanımıram"

Hazırda oxunan: "Bəzən özüm özümü tanımıram"

82322
Üzümü Azərbaycan mətbuatında çalışan bütün səlahiyyətli dostlara və yoldaşlara- baş redaktorlardan tutmuş sonuncu jurnalistə kimi tuturam və müraciət edirəm. Son günlər mənim adım bəzi mətbu orqanlarda yeri gəldi-gəlmədi istifadə olunur və bu da şəxsən mənə o qədər də xoş təsir bağışlamır. Sizdən çox xahiş edirəm ki, mənim adımdan bəzi yazılı və elektron KİV-də hansısa şərhlər və açıqlamalar dərc edilməsin. Şükürlər olsun ki, bu gün Azərbaycanda yüzlərlə sayt və qəzet gündəlik fəaliyyət göstərir və onların hamısını mən nəzər-diqqətimdə saxlaya bilmirəm. Mənə edilən çoxsaylı müraciətlərə, suallara imkanım daxilində cavablar da yazır, köməklik də etməyə çalışıram. Amma, məni bir insan kimi başa düşmənizi də acizanə xahiş edirəm: bütün dostların xahiş və tələblərini də yerinə yetirmək sadəcə fiziki cəhətdən mümkün olmur. Buna baxmayaraq bəzi qəzet və saytlar mənim bir neçə il bundan öncə ordu və Silahlı Qüvvələrimizlə bağlı verdiyim açıqlamaları və tənqidi yazılarımı, həmçinin FB səhifəmdə yazdığım bəzi cari qeydlərimi mənim xəbərim olmadan elə ustalıqla götürüb "material" halına salırlar ki, bəzən özüm özümü tanımıram. İlk dəfə üçün mən həmən qəzet və saytların adlarını açqlamaq istəmirəm. Amma, bu halın davam edəcəyi və ya təkrarlanacağı təqdirdə sərt addımlar atmağa məcbur olacağam. Bunu hədə-qorxu kimi deyil, bir dost xahişi kimi qəbul edilməsini istərdim.
Məni mətbuatda tanıyan dostlar və yoldaşlar yaxşı bilirlər ki, mənim üçün heç bir mövzuda qadağa olmayıb və yoxdur. Çox rahat şəkildə yaxşını yaxşı, pisi də pis kimi təqdim etmişik, edirik və əgər belə davam edəcəksə biz ictimaiyyət nümayəndələri olaraq bu fəaliyyətimizi bundan sonra da davamlı sürətdə həyata keçirəcəyik. Nəzərə almaq lazımdır ki, hətta ölkə başçısı belə bu yaxınlarda ictimai nəzarətin bundan sonra da daha geniş şəkildə dövlətimizin möhkəmlənməsi işində vacib şərtlərdən biri olduğunu xüsusi olaraq vurğulayıb. Ona görə də, bütün dövlət və hökumət məmurları, ələlxüsus da güc strukturlarının rəhbərləri bu amili daim diqqətdə saxlasalar, yaxşı olar. Bizə ən önəmlisi Azərbaycan dövlətinin, onun bel sutunu olan Silahlı Qüvvələrimizin daha modern, daha güclü və müasir olmasıdır. Bu istiqamətdə bir müstəqil QHT nümayəndəsi, bir peşəkar hərbçi və hərbi jurnalist olaraq bundan sonra da daha fəal şəkildə proseslərdə iştrak edəcəyimi bir daha bəyan edirəm. Mənim üçün mətbuatda heç vaxt iqtidar və ya müxalifət mətbuatı anlayışı olmayıb və yoxdur. Kim mənə ictimai-siyasi, hərbi, hərbi-texniki, o cümlədən insan hüquq və azadlıqları ilə bağlı müraciət edibsə, bacardığım şəkildə suallara obyektiv, doğru cavablar verməyə çalışmışam. Hətta bizə düşmən münasibətdə olan Ermənistan mətbuatına,o cümlədən Türkiyə, Rusiya, İngiltərə, ABŞ, İran, Ukrayna, Gürcustan, Belorusiya, Pribaltika ölkələrinin müxtəlif yazılı və elektron mətbu orqanlarına bu günədək çox sərbəst şəkildə müsahibələr verir və Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanımızın, xalqımızın haqq səsini oralara da çatdırmağa çalışmışam və çalışıram. Ona görə də, bəzən özümün xəbərim olmadan hansısa yazının dərc edilməsi, adımın xəbərsiz istifadə edilməsi xoşagəlməz mənzərə yaradır.
Ən sonda isə onu qeyd etməyi vacib sayıram ki, zərurət yarandığı təqdirdə mənimlə əlaqə saxlamaq istəyən dostlar və yoldaşlar rəsmi FB səhifəm vasitəsiylə rahat əlaqə saxlaya və suallarını ünvanlaya bilərlər. Yeri gəlmişkən bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, mən gün ərzində burada ən müxtəlif qəzet və saytlardan onlarla materiallar paylaşıram. Bəzən dostlar paylaşdığım yazıları sırf mənim mövqeyim kimi başa düşür, hətta inciyənlər, tənqid və təhqir edənlər də olur. Xahiş edirəm, mənim səhifəmdə yazılan və paylaşılan yazıları sadəcə məlumat kimi qəbul edəsiniz. Mən peşəkar qəzetçi hərbi jurnalist kimi burada bir mini-qəzet buraxmağa çalışıram ki, dəyərli dostlarımın hər şeydən xəbərləri olsun. Bəzən bu alınır, bəzən isə alınmır. Ona görə də, bu məqamı da düzgün qəbul etmənizi sizlərdən rica edirəm. Mən nə Rusiyapərəstəm, nə Qərbpərəst, nə də hansısa məzhəbə qulluq edən. Mənim doğma vətənim Azərbaycandır və çalışdığım da xalqımın və dövlətimin daha da güclənməsi və inkişafından ötəridir. Başa düşənlər də sağ olsunlar, başa düşməyənlər də...
İnanmaq istərdim ki, mətbuatda olan bütün hörmətli həmkarlarım və dostlarım mənim bu günkü müraciətimi anlayışla qəbul edəcək və bir daha anlaşılmazlıq yaranmasına şərait yaratmayacaqlar. Hər birinizə dərin təşəkkür edirəm!!

Üzeyir Cəfərov, polkovnik -leytenant, tanınmış hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin