29 il sonra Qubadlıya İLK SƏFƏRİM - İtirdiklərim və tapdıqlarım 

Hazırda oxunan: 29 il sonra Qubadlıya İLK SƏFƏRİM - İtirdiklərim və tapdıqlarım 

82253

Nəhayət ki, qovuşduq. Düz 29 il sonra. Deyirlər ki, hicran uzun olduqca vüsal şirin olur. Amma vüsal mənə o qədər də şirin gəlmədi. Baxmayaraq ki, bu vüsal gününü, bu vüsal anını düz 29 il gözləmişdim. Bəlkə də 29 illik həsrətin içimdəki yanğısı sevinci də qovurmuşdu.

Ona görə də doğma Qubadlıya qəribə hisslərlə gedirdim. Horadiz şəhərini keçəndən sonra qət etdiyimiz 89 kilometrlik məsafədə gördüklərim də sevincimin üstünə su səpmişdi. Yol yoldaşlarım, jurnalist həmkarlarım Vasif Həsənli, Samir Feyruzov və digərləri ilə danışsam da, bəzən cümlələrim, fikirlərim yarımçıq qırılırdı. İçimdəki həyəcan fikirlərimi, ifadələrimi boğurdu.

Qubadlı şəhərinə (əslində ruhlar şəhərinə) yaxınlaşanda isə həyəcanım daha da artdı. Həyəcanımın təşnəsi boğazıma qədər qalxmışdı. O anda düşündüm ki, içimdəki bu yanğını ancaq Bərgüşadın göz yaşı kimi dupduru suları söndürə bilər.
Bizimlə yol üstündə görüşən Qubadlı rayon polis şöbəsinin əməkdaşları da arif imiş. Sanki bunu hiss elədi. Bəlkə də, son 1.6 illik təcrübə onlara bunu diktə etmişdi. Dedilər ki, “Bərgüşad çayının qırağında bir az sakitləşin, sonra şəhərə qalxın”. Təbii ki, təklifə hamı bir ağızdan razılaşdı. Yəqin ki, o biri yoldaşlar da mənim kimi həyəcandan boğulurdu.


Ruhumun qidası - Bərgüşad çayı 

Bu da saf sulu, gur Bərgüşad çayı... Yarı sevinc, yarı qəhər hisslərdə boğuluram. Qəhərimi gizlətmək üçün əyilib buz kimi sudan ovuclayıb sifətimə çırpıram. Elə bil ruhuma bir rahatlıq gəlir. Həyəcanım bir qədər azalır. Artıq dostlarla zarafat da edə bilirəm. Yoldaşlar isə gülür.

Bəlkə də etdiyim zarafata yox, mənim həyəcanıma necə qalib gəldiyimə gülürlər. Olsun... Bu vüsalın hər halı gözəldir. Dost zarafatı nədir ki...

Bulaq suyundan dəmlənmiş kəklikotulu çaydan içib özümüzə gəlirik. Sonra da “yolçu yolda gərək” deyib Qubadlı şəhərinə qalxırıq. O tərəfə, bu tərəfə boylanıram. Kimsə soruşur ki, “nooldu, tanış gəlmədi?” Deyirəm ki, yox. Bu zaman bələdçimiz köməyimə çatır. Deyir ki, şəhərin adı qalıb. Erməni vəhşiləri təkcə evləri dağıtmayıblar, həm də ağacları, yaşıllıqları məhv ediblər. Tanınası nə qalıb ki...”


İki mərtəbəli ata evindən qalan iki uçuq divar...

Mənim xahişimlə bizim küçəyə - Dəfdüzü məhəlləsinə səmt alırıq. Amma əvvəlcə əraziyə ANAMA-nın əməkdaşları daxil olurlar. Müayinədən sonra bizə də icazə verilir.

Açığı Qubadlı şəhərini ilk anda tanımasam da, məhəlləmizi, hətta evimizin xarabalıqlarını çox tez seçdim. Həyəcanla qışqırdım: “Budur bizim ev”. Dönüb dostlarıma baxıram. Hamısının sifətində donuq sual işarəsini görürəm: “budur ev?”


Dağıdılıb, sökülmüş 2 mərtəbəli evimizdən yarım uçulu bir xərabə dayanır qarşımızda. Amma bu uçuq divarlar bilsəniz mənim üçün nə qədər əzizdir, əvəzsizdir?! Yaxınlaşıram. Uçuq divarlara əl çəkirəm. Elə bil ruhum dinclik tapır. 29 illik həsrətin təşnəsi içimdə sönür, rahatlanıram.

Yol yoldaşlarıma həvəslə danışıram: “Baxın burda beton su çənimiz vardı. Burda isə darvazamız. İkimərtəbəli evimizin həyətində çoxlu meyvə ağacları vardı. Hə, bir də arı yeşiklərimiz vardı həyətdə. Axı, atam müəllim olsa da, arı saxlamağı çox sevirdi”.

“Budeyy, bizim qaz peçimiz”

Mən danışıram, onlar qulaq asır. Baxmayaraq ki, danışdığım nə o ev var, nə o meyvə ağacları, nə də ki arı yeşikləri. Amma mənim həyəcanımı və iştahla danışmağımı heç kəs pozmur. Sakitcə mənə qulaq asırlar. Fikrimi sübut etmək üçün ətrafa boylanıram, nişanə, bir doğma iz tapmaq istəyirəm. Heç nə qalmayıb. Hər şey dağıdılıb, məhv olub.

Birdən yanıüstə düşmüş qaz plitəsini görürəm. Həyəcanla “budeyy bizim qaz peçimiz”. Yenə hüznlü, sual dolu baxışlarla rastlaşıram.  Başa düşürəm ki, yoldaşlarım mənim həyəcanımdan çox təsirləniblər.

Ona görə də sual verib məni daha da kövrəltmək istəmirlər. Axı, dağıdılmış doğma ata evimizin yerində heç nə qalmayıb. Əksinə, həyətimizi kol-kos basıb. Bir dənə də yabanı əncir ağacı bitib. Hə, bir də divarların dibində çoxlu sayda gilizlər var. 44 günlük müharibənin nişanəsi. Müzəffər ordumuzun hər küçə, hər məhlə uğrunda necə vuruşduğunun bir daha şahidi oluruq. Bir az da ətrafı gəzmək istəyirəm. Bələdçilərimiz məsləhət bilmir. “İlan-çayır yaman çoxdur” deyirlər.



Nəhayət, danışmaqdan və sağa-sola boylanmaqdan, doğma iz axtarmaqdan yorulub geri dönürəm. Amma bir gözüm arxada, dağıdılmış ata ocağında qalır. Qarışıq bir hiss yaşayıram. Bilmirəm ki, bu bir həsrətin sonu, yoxsa növbəti ayrılığın başlanğıcıdır. Geri dönürük...

Ayrılıq var, sonu şirin vüsaldır

Artıq əvvəlki kimi danışmağa həvəsli deyiləm. Gözüm ancaq ətrafı gəzir. Əlimdəki fotoaparat sanki azlıq edir. İstəyirəm ki, bu doğma yerlərin hər daşını, hər izini içimə çəkib, doldurum. Geri dönürük... İndi ərtafa daha ayıq gözlə baxıram. Yeni çəkilən avtomobil və dəmir yollarına, salınan körpülərə baxdıqca ümidlənirəm, sevinirəm. İnanıram ki, bu dəfəki həsrətin ömrü uzun olmayacaq. Az zaman sonra doğma yurd yerlərinə hamı kimi mən də rahat yollarla, yeni salınmış yaşayış massivlərindən keçərək yenidən tikilən Qubadlı şəhərinə əbədiyyən dönəcəm... 

Sonda bu vüsala, bu qayıdışa və yaşadığımız xoşbəxt anlara görə Müzəffər Ali Baş Komandana, yenilməz Azərbaycan ordusuna sonsuz minnətdarlığımı bildirir, şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirəm.

PS: Qubadlıya gedəndə əsas istəklərimdən biri də Qubadlının ilk şəhidi Mehman Ağayarovun qəbrini ziyarət etmək idi. Bu arzuma da çatdım. Amma bu barədə növbəti yazımda...

Anar Tahirov, Bizim.Media























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin