Olimpiya çempionu Toğrul Əsgərov iki gün öncə Avropa Oyunlarında Azərbaycana növbəti qızıl medalı qazandırdı. Hər kəsin sevindiyi bir vaxtda Toğrulun komanda yoldaşı Həsən Əliyevin sözləri bütün ölkə gündəmini zəbt etdi.
Həsən indiyə qədər Toğrulu fəaliyyətsizlikdə günahlandıranları, qələbə qazandıqdan sonra isə təbrik edənləri ittiham edirdi. İdmançı özünün Facebook səhifəsində aşağıdakı sözləri yazmışdı:
"Çox yox, bir neçə ay bundan qabaq "dövlət tədbir görməlidir, belə olmaz, qudururlar, nəticə verdilər, sonra güləşmirlər", haradasa şəklini görəndə "aha, bunu görən olmayıb Olimpiadadan sonra, haradadır", nə bilim, filan-filan düşük sözlər yazanlar indi Toğrulu təbrik edirlər. Uduzanda "şişdi" deyənlər Facebook-da Toğrulun profilində onu təbrik edirlər".
İdmançının bu sözləri ölkə gündəminə elə Toğrulun qızıl medalı kimi damğasını vurdu. Həsən haqsız da deyildi əslində. Çünki biz idmançılarımızdan bəzən daha çox şeylər tələb edirik. Elə Həsən özü də erməni idmançıya uduzanda onu ittiham edənlər az olmadı.
Bir idmançımız qələbə qazanırsa, sonradan ondan yalnız qələbə tələb edirik. Məğlub olduqda ittiham edirik, "arxayınlaşdı", "pulu var deyə güləşmək istəmir" deyirik. Bu ittihamları səsləndirərkən dünyaya idmançının gözü ilə baxmağa heç cəhd göstərmirik. İdmançının hər şeydən əvvəl insan olduğunu, onun da hansısa çətinliyinin ola biləcəyini düşünmürük. Nəticədə idmançılarımızda biz tamaşaçılara qarşı belə bir rəy formalaşır.
Digər tərəfdən, idmançı qızıl medal qazandıqdan sonra yalnız şou-biznes nümayəndələri arasında, efirdəki şou-proqramlarda görünürsə, cəmiyyətin rəyi başqa necə olmalıdır ki? Axı onlar hər şeyi kənardan görürlər. İdmançının şəxsi həyatında deyillər. Nəyi harada necə etdiyini yalnız mətbuatdan və televiziyadan bilirlər. İdmançılar şou proqramlarına çıxmaqla barələrində şayiə yayılması üçün əsas verirlər.
İndi günah biz tamaşaçılarda, yoxsa idmançılarımızdadır?
Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.































































































