Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının təqdimatına baxılıb.
Bizim.Media xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Səbail rayon Məhkəməsi tərəfindən həbs edilən DGK-nin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində də həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
MÖVZU İLƏ BAĞLI:
DTX-nın istintaqa cəlb etdiyi gömrük generalı Kənan Məmmədov haqda İLGİNC DETALLAR – ARAŞDIRMA
Məhkəmə təqdimatı təmin edib və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
Xatıladaq ki, ötən həftə adı çəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Qeyd edək ki, bundan əvvəl “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində də həbs qətimkan tədbiri seçilib.
Ehtitram Xəlilov da külli miqdarda rüşvət almaqda ittiham edilir.
Eldar Məmmədli, Bizim.Media