Bu gündən İslam aləmində on bir ayın sultanı hesab edilən Ramazan ayı başlayır. Bu ayda insanlar oruc tutur, xoş əməllər həyata keçirir, il ərzində etdiklərin günahların bağışlanmasını dilərlər. Bəs görəsən məşhurlar necə, bu ayda oruc tutacaqlarmı?
Xalq artisti, ustad xanəndə Alim Qasımov:
"Bacardığım qədər hər il oruc tutmuşam. İnşallah, bu il də oruc tutacağam. Bütün xalqımızın da bayramını təbrik edirəm".
Akademik Milli Dram Teatrının tanınmış aktyoru Anar Heybətov:
"Neçə vaxtdır bu barədə fikirləşirdim. Bir neçə dəfə oruc tutmuşam. Amma bu il də istəyirəm. Sadəcə, səhhətimdə problem var. Ona görə düşünürəm ki, yəqin bacarmaram, həkimlər icazə verməz".
Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova:
"Çox istərdim ki, oruc tutam, amma bacarmıram. Həm qripləmişəm, həm də zəif insanam. Amma çalışacağam ki, bu ay da yaxşı işlər görüm, sədəqə verim, iftar süfrəsi açım. Oruc tutanların da orucu qəbul olunsun. Bəlkə gücüm çatsa, mən də tutdum".
Tanınmış müğənni Pərvin Lətifov:
"Bəli, əvvəlki illərdə oruc tutmuşam. Allah qismət eləsə, sabahdan oruc tutacağam"
Tanınmış müğənni, əməkdar artisti Almaz Ələsgərova:
"Heç vaxt oruc tutmamışam. Amma bu il belə bir fikrim var. Sadəcə, bilmirəm, bacararam, ya yox".
Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov:
"Bildiyiniz kimi ağır əməliyyat keçirmişəm və ondan sonra müəyyən dərmanlar qəbul etmişəm. Ona görə həkimlər deyirlər ki, oruc tutmaq olmaz. Cavanlıqda mən də oruc tutmuşam və belə insanlara böyük ehtiramım var. Allah bütün oruc tutanların canını salamat eləsin. Oruc tutmaq dini ayinlərdən biridir və bunu yerinə yetirmək lazımdır. Oruc tutanda insanın mənəviyyatı, daxili təmizlənir. Ramazan elə bir şərəfli aydır ki, bundan o yanası yoxdur. Hər bir sağlam müsəlman buna əməl etməlidir. Mən əməl edə bilməsəm də, iftar süfrəsi açıb azacıq da olsa, işimin öhdəsindən gəlməyə çalışacağam".
Tanınmış müğənni Yusif Mustafayev:
"Əvvəlki illərdə bir ay olmasa da, müəyyən günlərdə oruc tutmuşam. Bu il də çalışacağam ki, oruc tutum".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasına əsasən bu il Azərbaycanda miladi təqvimlə 18 iyun hicri təqvimlə Ramazan ayının ilk günü hesab edilir.(ölkə.az)




































































































