Direktor olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı 

Hazırda oxunan: Direktor olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı 

81868

İyunun 30-da şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb. 

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, sənəd qəbulu prosesində 1500-dən artıq namizəd iştirak edib. 

Hazırda yerli təhsili idarəetmə orqanları tərəfindən namizədlərin sənədləri yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra növbəti mərhələlərə start veriləcək. 

Belə ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Həmçinin ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər. 

Sözügedən kateqoriya üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi başa çatdıqdan sonra şagird sayı 500 nəfərdən artıq olan və direktor vəzifəsin vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi həyata keçiriləcək. 
Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək. 

Müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar. 

Müsahibə mərhələsində namizədlər aşağıdakı meyarlar əsasında 5 ballıq şkala ilə qiymətləndirilir. 

- emosional intellekt; 

- kommunikasiya və komanda qurmaq bacarığı; 

- təqdimetmə bacarığı; 

- liderlik; 

- problem həlletmə bacarığı. 

Namizədlər hər bir meyar üzrə minimum 3 bal toplamaq şərtilə ortalama 3,5 bal topladıqda müsahibə mərhələsində uğur qazanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin