Zaurun kamalı televiziyanın təməl prinsipinə nə qədər uyğundur?

Hazırda oxunan: Zaurun kamalı televiziyanın təməl prinsipinə nə qədər uyğundur?

81705

Televiziya çağırılmamış qonaqdır. Bütün evlərə, ofislərə dəvətsiz gəlir. Bəlkə də ona görə insanlar vaxtlarını əzizləri ilə deyil, daha çox televiziya qarşısında keçirirlər. Televiziya həm də cəmiyyətin güzgüsüdür. Cəmiyyətin bütün əyər-əskiyi orda görünür. Ona görə də televiziyanın cəmiyyətə, xüsusilə də ailə institutuna təsiri çox böyükdür. Televiziyadan verilən istənilən mesajın ən azı milyonlarla dinləyicisi olur.  

Çox təəssüf bu gün televiziyalarımız öz müqəddəs missiyasından sapıb, ucuz reytinq dalınca qaçır. Hazırda televiziya verilişlərinin bəlkə də 50 faizi şou-biznesə xidmət edir. Bu da ondan irəli gəlir ki, televiziyada aparıcılıq edən insanların çoxu intellektual deyil. Aparıcılar öz savadları, qoyduqları mövzuların aktuallığı ilə deyil, bayağı və acı gülüş doğuran hərəkətləri ilə tamaşaçı “sevgisi” qazanmaq istəyir.  

Zaur Kamal qonaqları ilə niyə məzələnir? 

Bəzi aparıcılarsa bir qədər də irəli gedib tamaşaçının əsəbləri və mənəviyyatı ilə oynayır. Həmin aparıcılardan biri də ARB televiziyasının aparıcısı Zaur Kamaldır. Bu adam tamaşaçının yaddaşında efirə dəvət etdiyi qonaqlarla daha çox məzələnməsi ilə qalır. Onun qonaqları bir qayda olaraq şou əhlidir. Və o da şou əhli üçün efirin nə qədər qiymətli olduğunu çox gözəl bilir.
 

MÖVZU İLƏ BAĞLI:

Zaur Cənubi Azərbaycanlı müğənnini efirdən qovdu - VİDEO


Ona görə də o verilişlərinə dəvət etdiyi şou əhli ilə təhqiramiz tərzdə davranır, onları ələ salır və hətta onların bəzi sirlərini faş edir. Bu azmış kimi bəzən qonaqlarını canlı efirdən də qovur. Məsələn, ötən gün “Həmin Zaur”un canlı yayımında əslən Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri efirdən çox biabırçı şəkildə qovuldu.  

Cənublu soydaşımız efirdən niyə qovuldu? 

İnsidentin səbəbi isə çox sadədir. Efirdən qabaq aparıcı qonaqla bir az “mırt” tutub. Kadrarxası olduğu üçün də qonaq bir az səmimi danışıb. Lakin Zaur Kamal bütün etik qaydaları pozaraq iki nəfər arasında olan söhbəti canlı efirə daşıyıb. Qonaqsa buna etiraz edib. Qonağın etirazı isə ona baha başa gəlib. Aparıcı Cənublu soydaşımızı çox biabırçı şəkildə efirdən qovub. 

Çox təəssüf ki, “Həmin Zaur” verilişi teleməkanda ən çox reytinq gətirən yayımlardan biridir.

Ona görə də onun verilişinin kifayət qədər sponsoru var. Bu cür “reytinqli”  şoular əslində tamaşaçı zövqünü korlamağa, milli-mənəvi dəyərləri kökündən sarsıtmağa hesablanmış verilişlərdir. Bu verilişə baxanlar əsasən aparıcıdan şou  və şok xəbər gözləyənlərdir. Və nə yazıq ki, Zaur onların zövqünü oxşayır. Onların istədiyini verir. Bunun üçün dəvət etdiyi müğənnilərlə sənətdən, musiqidən deyil, çılız şeylərdən söhbət aparır. 

Zaur Kamalın sualları tamaşaçıları sinir edir

“Neçə evin var”, “bu paltarı neçiyə almısan”, “maşınının nömrəsi neçəyədir”, “bu nə paltardı, geyinmisən”, “niyə ərə getmirsən” və bu kimi şit və yersiz suallarla aparıcı müğənnilərlə efirdə vaxt aparır. Arada-sırada isə musiqi nömrələri səslənir. Nəticədə, 2 saatlıq efirdə tamaşaçının yadında ancaq Zaur Kamalın bayağı və səviyyəsiz atmacaları qalır.  

Çünki, Zaur Kamalın dəvət etdiyi qonaqlarla musiqi mədəniyyətindən, musiqi dünyasından və ifa sənətindən söhbət etməyə sadəcə savadı çatmır. Təsadüfi deyil ki, səviyyəli müğənni və musiqiçilər bu verilişdə olmaq istəmirlər. Bəlkə də ona görədir ki, Zaur Kamalın efir qonaqlarının sayı çox məhduddur. Bəzən elə olur ki, bir müğənnini bir ayda 3 dəfə efirə dəvət edilir. Halbuki, müğənnilərimizin sayı onlarla yox, yüzlərlədir. 

Bütün hallarda Zaur Kamal kimilərə reytinq xatirinə saatlarla efir vermək ən azı insafsızlıqdır.

Çünki, onun verilişində söylənilənlər bir yana, səslənən musiqilər də toyxana auditoriyasından uzağa getməyən, klassik və milli musiqimizə bir yamaqdır. Hələ onun efirə gətirdiyi ləhcəni demirik… 

O ki, qaldı Zaur Kamalın son hərəkətinə bu nə efir etiketlərinə, nə də ki, insanlığa sığmır.Efirə dəvət olunan insanın hissləri və mənəviyyatı ilə oynamağa heç kimin haqqı və hüququ yoxdur. Zaurun dünənki, hərəkəti əslində hüquqi məsuliyyət yaradır.

O, dəvət etdiyi musiqiçinin reputasiyasını ciddi şəkildə zədələdi. Eyni zamanda, onu əzizlərininin və milyonlarla tamaşaçının gözü qarşısında açıq şəkildə təhqir etdi.   


Ona görə də inanmaq istərdik ki, Zaur Kamalın bu senzurasız hərəkəti televiziya rəhbərliyi tərəfindən araşdırılacaq və lazımi ölçü götürüləcək. Çünki, televiziya həm də milli sərvətdir. Bu da o deməkdir ki, televiziya təkcə orda işləyənlərin yox, bütün tamaşaçılarındır. Milyonlarınsa səsini eşitməmək olmaz. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin