"İgidimi ocağımıza gətirəndə evimi toy evi kimi bəzədim" - Şəhid anası

Hazırda oxunan: "İgidimi ocağımıza gətirəndə evimi toy evi kimi bəzədim" - Şəhid anası

8165

Övladlarımın hamısı əzizdir, mənə. Vüsalım isə tamam başqa idi. Göz bəbəyim idi o. Hər səhər zəng vurur, "səsini eşitməyəndə gücüm tükənir, səsin mənə güc verir", - deyirdi. Ailəsinə qarşı o qədər həssas idi ki... Aprel döyüşlərində yaralananda heç birimizə xəbər verilməyini istəməmişdi. Böyük oğlum Apoş gedib Gəncədə hospitalda onu görmüşdü. Apoşa da bərk-bərk tapşırmışdı ki, atamgil bilməsin.

Bizim.Media xəbər verir ki, bunları şəhid mayor Vüsal Vəliyevin anası Mədinə xanım deyib.

Mədinə xanımın sözlərinə görə, Vüsal hər məzuniyyətə gələndə əsgərlərimizin təlimlərdəki uğurlarından həvəslə danışırdı. Deyirdi, ana, torpaqlarımızı mütləq geri alacağıq. Səni Şuşaya, oradan da Kəlbəcərə, İstisuya aparacağam. Oradakı bulaqlar min dərdin dərmanıdır. Vətən müharibəsi başlayandan hər gün gözüm telefonda qaldı, hamı zəng vurdu, ondan soraq gəlmədi. Gecə-gündüz əlimi Uca Tanrıya tutub dua elədim, "Xalqımızı, oradakı balalarımızı qoru, başımızı dik, alnımızı açıq et, Allahım", - dedim.

"Atası ondan xəbər gəlmirdi deyə, çox təlaşlanırdı, əlaqə saxlaya bilmirdi. Şəhidlər Naxçıvana gəldikcə fikrə dalır, Allaha əmanət olsunlar, - deyirdi. Fikirli olduğunu heç vaxt mənə bildirmirdi. Günün çoxunu Vüsalın ev tikdirmək üçün aldığı dirrik yerində keçirirdi. Mənə deyirdi ki, fikir eləmə, o, qoçaq oğlandır, indi aslan kimi döyüşür, sağ-salamat qayıdacaq. Amma hiss edirdim ki, ömür-gün yoldaşım Vüsalın müharibədə itkin düşməyindən bərk nigarandır", - deyən Mədinə xanım qeyd edib ki, bu, Vüsalın atasına niskilli uşaqlığını xatırladırdı. Axı o, üçgünlük olanda atası İkinci Dünya müharibəsində itkin düşmüşdü.

Elə, bəlkə də, bu fikir onun ürəyinin dayanmağına səbəb oldu. Vüsal üçün xəyallar qurduğu - "evi bu tərəfdən tikərik, ay oğul, üzü gündoğana tikilən ev yaxşı olur. Həyətə də bağ salarıq", - dediyi həyətdə də həyatla vidalaşdı.

Şəhid anası deyib: Həyat yoldaşımı itirəndə Vüsaldan hələ xəbər olmasa da, ürəyim hiss edirdi ki, o yaşayır, hələ də döyüşür. Həmin gün isə (noyabrın 9-u), sanki od düşmüşdü ürəyimin başına, özümə yer tapa bilmirdim. Həmin vaxt bir anlıq səs gəldi, sanki kimsə məni şəhid anası deyə səslədi, tez çölə çıxıb həyətə boylandım. Heç kim yox idi.

Bircə ağ göyərçin gəlib qonmuşdu qapımıza. Sinəsi yaralı bir göyərçin. Sonradan bildim ki, həmin an balam şəhid olub. Bəlkə də, elə həmin ağ göyərçin Vüsalımın ruhu imiş. Sülh tərəfdarı idi axı balam. Oğlumun cənazəsi gələn gün də gəlmişdi həmin ağ, yaralı göyərçin. Vüsalımın cənazəsi gələn gün ağlımdan ilk keçən onu kim qarşılayacaq fikri oldu. İki oğlum var, qohum-qonşum çox olsa da, atası yox idi. İslam sağ olsa, balamı özü qarşılayardı, - dedim.

Öyrənəndə ki, elimizin əziz ağsaqqalı - Ali Məclisin Sədri şəhidləri özü şəxsən qarşılayıb, yanan ürəyim az da olsa, sakitləşdi. Vüsalım atasız qarşılanmadı, - dedim. İgidimi ocağımıza gətirəndə evimi toy evi kimi bəzədim, yoluna qırmızı xalça sərdim. Toy çaldırdım balama. Sən şəhidlik köynəyini bəy paltarından üstün tutdun. Vətənini öz yarından, anandan, bacından çox sevdin, Vüsalım, - dedim".

Şəhidin qardaşı Apoş Vəliyev bildirib ki, Vüsalın ən böyük arzusu Vətənin bütövlüyü idi. O, dünyaya göz açdığı il elimizin üstünü qara buludlar almışdı. Uşaqlığı mənfur düşmənin atdığı mərmi səslərini, Vətən uğrundakı döyüşlərdə canından keçən igidlər haqqında deyilənləri dinləməklə keçmişdi. Hərbçi olmaq uşaqlıq arzusu idi. Vətən müharibəsi başlayandan bir neçə gün sonra ondan xəbər ala bilmədik. Qəlbimizi şübhə didirdi ki, yəqin onu Murov əməliyyatında itirdik. Amma son ana kimi ümidli idim.

Onunla son yazışmamızda "hər şey yaxşıdır, özünüzdən muğayat olun, narahatçılığa gərək yoxdur", yazmışdı. O, həmlə batalyonunun komandiri idi. Vaxtilə Polad Həşimov kimi zabitlərdən öyrənmişdi hərb sənətinin sirlərini. Həmişə deyirdi ki, mən əsl generalın tələbəsiyəm.

İyunda baş verən təxribatda Polad Həşimovun şəhid olmasından çox sarsılmışdı. Onun qisasını almağa can atırdı. Fürsət tapıb Bakıya gələndə onun məzarına gedir, əziz generalımız, qisasınızı almadan bu dünyada bizə rahat nəfəs almaq haramdır, - deyirdi. Hərbçi olmağı o qədər sevirdi ki, yaralansa belə, ordudan tərxis olmadı.

"Vüsal Qələbəyə böyük ümid bəsləyirdi. Hər dəfə söhbətləşəndə Ali Baş Komandanın rəhbərliyi ilə qaytaracağıq Qarabağı, - deyirdi. Hərdən ona, sanki sən Şuşada dünyaya gəlmisən, o qədər sevirsən ki Qarabağı, elə bil qarabağlısan, - deyərdim zarafatla. O isə həmişə gülümsəyib cavab verərdi: Vətənin o başı, bu başı olmaz. Naxçıvan da, Şuşa da, Qarabağ da, bütöv Azərbaycan bizimdir. O, şəhidlik şərbətini də elə çox sevdiyi Şuşada içdi" - deyən Apoş Vəlivev qeyd edir ki, Vüsalın şəhid olma xəbərini eşidən gündən zabit yoldaşları, dost-tanışları, əsgərləri hər gün mənə zəng vurur, yazır, onun igidliyindən danışırlar.

Qardaşımın cənazəsini görəndə düşündüyümdən də igid biri olduğuna şahidlik etdim. Qolunda və ayaqlarında sarğı olduğundan onun yaralı-yaralı döyüşdüyünü bildim. Yoldaşları yaralı olmasına baxmayaraq, döyüş meydanını tərk etmədiyini hər dəfə qürurla dilə gətirirlər.

Şəhidin zabit yoldaşı Qəzənfər Dünyamalıyev deyib ki, bu gün həyatdayamsa, bunu döyüş yoldaşım Vüsala borcluyam. O, məni yaralı vəziyyətdə öz həyatını təhlükəyə ataraq səngərdən çıxarıb. Yeddi kilometr yolu çiynində daşıyıb. Yaralansa da, heç vaxt geri çəkilmədi, həmişə irəli, ardımca dedi.

Şəhidin qardaşı Tural Vəliyev: Vüsalla bizim aramızda az yaş fərqi olduğu üçün əkiz kimi idik. Həmişə hər yerə bir gedər, birlikdə oyun oynayar, məktəbdə də bir-birimizdən ayrılmazdıq. Onun yüksəldiyi zirvə həmişə arzusunda olduğu bir zirvə idi. Mən bir şəhid qardaşı kimi ailəmiz adından dövlət başçısına və muxtar respublikamızın rəhbərinə bu diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.

Qeyd edək ki, şəhid Vüsal Vəliyev Heydər Əliyev adına Hərbi Liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini də uğurla başa vurub. Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl rayonlarında Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinədək yüksəlib. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan əks-hücum əməliyyatında Murovdağda, Murov yüksəkliyinin azad edilməsi əməliyyatında iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

14 dekabrda Şərur şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. O, hərbi xidmət dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən isə "Vətən uğrunda" medalı ilə təltif edilib. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin