Taksi sürücüsünü ağladan müştəri...

Hazırda oxunan: Taksi sürücüsünü ağladan müştəri...

81376
Moderator.az Azərbaycanın ən dəyərli oğullarından olan, Birinci Qarabağ Savaşının bütün ağrı-acılarını, məhrumiyyətlərini görüb yaşamış batalyon komandiri Vaqif Əlisoyun ürək parçalayan düşüncələrini, daha doğrusu şərti olaraq başına gələn "Bir axşam taksidə" əhvalatını oxuculara təqdim edir:

"Bu gün Bakını qarış - qarış gəzdim. Bir yerdə də bu ölkənin işğalda olduğunü, 20 yanvar, Xocalı kimi dəhşətlər yasadığını əks etdirən bir təbliğat vasitəsinə rast gəlmədim. Şəhidlər Xiyabanına gəldim. 2 saat oturdum orda. Qardaşlarla dərdləşdim. Ümüd etdim ki, könüllülərimiz burda olacaq. Gələn turistlərə, idmançılara məlumat verəcək. Nə turistə, nə də könüllüyə rast gəldim. Sonra "Baksovet"ə endim, ordan da dəniz kənarına. Maşallah, göz dəyməsin, hər yer qaynayırdı. Cavanlardan, könüllülərdən soruşdum ki, niyə gələn əcnəbilərə bir disk, bir işğala məruz qaldığımız, 20 yanvar, Xocalı haqda məlumat xarakterli bir şey paylamırsınız? Daha burda qalmaq olmazdı. Vağzalın yanından bir taksiyə oturub:
- Oğlum, məni Hövsana apar - dedim. Maşının arxa oturacağına keçib bir azca mürgüləmək istədim. Nə qədər keçdiyini bilmirəm, amma birdən sürücünun səsini və silkələyərək: 
- Ay ağsaqqal, niyə ağlayırsan, niyə qışqırırsan? Sən Allah, məni p... salma,- dediyini eşitdim. 
Gözlərimi açdım. Zeytunluğun yanı idi. Sürucüyə baxdım. Özünü itirmişdi. Soruşdum:
- Narahat olma, oğlum. Məndə hərdən olur. Neçə yaşın var? Haralısan?
- Qubadlıdanam, dayı. Atam da şəhid olub. Adil Həşimovun batalyonunda döyüsüb. Özüm də ali təhsilliyəm. İş yoxdur. İndi də oyunlar başlayıb, işləməyə imkan vermirlər. Ancaq neyləyək? Bəs sən haralısan, day? Suyundan- sumbatından biz tərəfin adamına oxşayırsan...
- Mənim yurdum - yuvam, vətənim yoxdu, oğul. Sür maşınını gedək...
Sakitcə maşına oturdu. Hövsana qədər bir kəlmə kəsmədik. Hərdən güzgüdə mənə baxırdı. Narahat idi. Hövsanda Şüşəli Bazarın yanında saxlamasını xahiş etdim. Saxladı. Pulunu vermək istədim. Əlimdən tutdu. Dedi:
- Sizə necə müraciət edim bilmirəm. Ağlamağınızın səbəbini də sorusmayacağam. Hansı rayondansınız?
Təkid etdiyini görüb:
- Cəbrayıldanam, oğul. Amma Qubadlıya da bələdəm. Anam Qubadlı qızıdır,- deyib maşından düsdüm. Bir - iki metr aralanıb arxaya döndüm. Maşın yerindən tərpənməmişdi. Gənc sürücü maşının sükanına başını şöykəyib ağlayırdı. Mən də ona baxıb hönkürdüm. Ətrafdakılar bu qəribə mənzərəni sakitcə seyr edirdi...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin