Anası tərəfindən olmazın işgəncələr görən 2 yaşlı uşaq hələ də Azərbaycan Uşaqlar Birliyinin sığınacağındadır. Abşeron Rayon İcra Hakimiyyəti uşağın ailəsinə verilməsi ilə bağlı iş aparır. Körpənin bundan sonra harada yaşayacağı ilə bağlı hələki qərar verilməyib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə məqsəd ailənin qiymətləndirilməsidir:
MÖVZU İLƏ BAĞLI:
2 yaşlı uşağına işgəncə verən ana xəstəxanadan niyə BURAXILIB? - Nazirlikdən AÇIQLAMA
“İş aparılır ki, ümumiyyətlə uşaq həmin ailəyə verilə bilər ya yox? Uşağın o duruma gəlməsinə səbəb nədir? Hər halda nəticəsi olacaq. Ailə düşünürdü ki, uşaq onların əşyasıdır. Amma fərqinə vardılar ki, bu, belə deyil. Ananın harada olduğundan xəbərsizəm. Birinci qalmaqaldan sonra bura gəlməyib. Hər halda məsələnin nə yerdə olduğunu anlayıb”.
Kəmalə Ağazadə Səhiyyə Nazirliyi tərəfindən psixoloji durumları yerində olmayan Jalə Bəhrəmovanın müalicə almamış 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından buraxılmasını absurd qərar kimi qiymətləndirib:
“Gülməlisi o oldu ki, xəstə bir insanın müalicə olunmasına özü qərar verməlidir. Səhiyyə Nazirliyi bir növ özünü xilas etməyə çalışdı”, deyə o, əlavə edib.
Xatırladaq ki, 2 yaşlı körpəsinə amansızcasına işgəncələr verən Masazır qəsəbə sakini Jalə Bəhrəmova qonşuların şikayəti ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.
Qonşularının iddiasına görə psixi durumu yerində olmayan ana dəfələrlə uşağını döyüb, azyaşlıya narkotik vasitə verib, hətta körpəni eyvandan atmaq istəyib.
Azyaşlı övladı isə təhlükəli ananın əlindən alınaraq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirlmişdi. Psixoloji durumu yerində olmayan ana 3 gün 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında qalandan sonra qardaşının təkidi ilə oradan çıxarılmışdı.
Xəstəxanadan çıxan ana körpəsinin yaşadığı sığınacaq önündə qalmaqal yaradaraq, övladını geri istəmişdi. Amma polislərin müdaxiləsi ilə qalmaqala son qoyilmuş, ana ilə profilaktik söhbətlər aparılmışdı.
Alçina Amilqızı, Bizim.Media