Azərbaycanda TOY ən ziyanlı vərdişə çevrilib – Müasir dövrdə bu ənənə nə qədər ciddiyə alınmalıdır?

Hazırda oxunan: Azərbaycanda TOY ən ziyanlı vərdişə çevrilib – Müasir dövrdə bu ənənə nə qədər ciddiyə alınmalıdır?

81130

Azərbaycan milli şüurunda toy və evlilik anlayışları özünəməxsus yer tutur. Baxmayaraq ki, toy və toy adət-ənənələri qədim dövlətçilik ənənələrimizdən biri sayılır, bəzən bu ənənələrin təhrif olunmuş və mübaliğəli formaları ilə qarşılaşırıq. Bu gün toyun həddən artıq bəzəkli və zərli mənzərə ilə təqdim olunmasının insanlarda ikrah hissi doğurduğunu inkar edə bilmərik.

Azərbaycanlıların toy və toy adət-ənənələrinə bağlılığı nədən irəli gəlir? Azərbaycanda evliliklər hansı dəyərlər üzərinə qurulur?

Bizim.Media-ya müsahibəsində sosioloq Sahib Altay qeyd edir ki, toy bir məişət hadisəsidir.

“Biz azərbaycan xalqı olaraq məişətə bağlıyıq. Toy sözü qədim türk dilindədir, mənası yığıncaq deməkdir. Türklərdə oba bəyinin toy otağı, bəy otağı var idi və obanın seçilmiş xanımları, bəylər həmin otağa yığışır və qərarlar qəbul edilirdi. Müasir Milli Məclis kimi... 
 

MÖVZU İLƏ BAĞLI:

“Məhərrəmlikdə toy edənləri etməyənlər qınamasın” – Azərbaycanlı alimdən AÇIQLAMA


O cümlədən iki insanın evliliyi də yığıncaq şəklində obanın iştirakı ilə təşkil olunur, ozan çağırırdılar, müxtəlif oyunlar oynanır, yarışlar keçirilirdi. Bunlara güləş, ağırlıq qaldırma, ağır bir heyvanı – öküzü çiyninə alıb müəyyən məsafəni qaçma aiddir”.

Azərbaycan türkdilli və türksoylu toplumdur.

Sahib Altay bildirir ki, Azərbaycan çoxsaylı müxtəlif etnik azlıqların, inanclı insanların yaşadığı ərazi olsa da, dövlət fəlsəfəsi və dili türklüyə məxsusdur:

“Qədim türklərin toya bağlılığı isə törəyə, qanuna bağlılığından irəli gəlir. O dövrdə türklərin məişəti yox idi, köçəri tayfalardan ibarət idi. Oturaq həyat tərzinə keçdikdən sonra məişət yaranmış və onlar məişəti müxtəlif yas, toy adətləri və yazılmayan qanunlar ilə zənginləşdiriblər.

Bu da bizdə bir travmaya çevrilib. Bütün toplumların bir məişət həyatı olub və indi də var. Ancaq hansı toplumlar ki, indiki sivilsaziyaların yaradıcılığında, dünyanın ictimai, siyasi, mədəni həyatında rol oynamırlar – onlar məişətdə ilişib qalıblar”.

Ssioloqun fikrincə, təəssüf ki, ictimai-siyasi həyatımızda baş verən sonrakı geriləmələr, işğal altına düşməyimiz bir çox köklü dəyərlərin deformasiyaya uğramasına səbəb olub. Milli deqredasiya bizi həqiqi mahiyyətimizdən uzaqlaşdırıb: 

“Toy bir görüntüdür və azərbaycanlılar görüntünü sevirlər, görüntüyə aşiqdilər. Toyun əsl məğzi, əslində, yeni qurulan ailənin cəmiyyətə təqdim olunması olmalıdır, lakin bir şey öz təyinatından uzaqlaşanda ziyanlı vərdişə çevirilir.
Toy həm maddi, həm mənəvi baxımdan, həm də düşüncə baxımından azərbaycanlılar üçün bir ziyanlı vərdişdir. Toyu fenomenə çevirməmək lazımdır. Gözəl, milli ənənədir, yaşatmaq lazımdı, ancaq ən ali arzu etmək lazım deyil. İnsan təbiətin bir parçası olaraq, digər canlılardan fərqlidir, həm bioloji, həm də sosioloji varlıqdır”.

Sahib Altay qeyd edib ki, insanın sosiallığı məişətdən ibarət deyil. Kültürdən sonra mədəniyyət, kənddən sonra şəhər, məişətdən sonra millilik daha sonra ictimaililik, ictimai şüurdan sonra isə bəşəri şüur yaranıb:

“İnkişaf etmiş ölkələrin yaradıcı qismi, beyinləri, aydınları daha yüksək amallara xidmət edir, daha yüksək arzuların fonunda həyat yaşayır və yaxud belə həyat tərzi təlqin edir. Azərbaycanda isə bahalı cehiz, zinət əşyası, yorğan-döşək, qab-qacaq bir dəfə ömür şansı olan insanın təfəkkür kasadlığıdır. Azərbaycanın toya bağlılığının səbəbi məişətdə ilişib qalmağımızdır”.

Ekspert vurğulayıb ki, amma əsil milli mahiyyətimizdə, türk milli dəyərlərində eşqə üstünlük verilir. Yaxın Şərq ölkələri mifologiya, iqlim, fəlsəfəsində yer alan romantizm, istiqanlılığının insan psixologiyasına təsirinə görə, ailə sevgi atributu üzərində qurulmalıdır:

“Sevginin də müxtəlif yaşam tərzləri var. Azərbaycanda evlilik, əsasən, mental dəyərlər üzərində qurulur. Qohum evlilikləri, görücülük, tanışlıq, vasitəçilik evlilikləri, məcburi, valideyn basqısı ilə evlilikləri buna misaldır.

Müasir dövrün evlilik modeli insanlara təlqin edir ki, insanlar ailədən öncə bir-birilərini uzun müddət tanımalı, birlikdə yaşamalı sonra evlənməlidirlər. Ailə psixoloji, maddi, mənəvi uzlaşması olan iki əks cinsin bir araya gələrək özlərindən daha üstün insan yaratmaq üçün nəzərdə tutulmuş müəssisəsidir.
Ailə təkcə iki adamın qovuşması, birgə yaşaması yox, həm də onların birləşərək üçüncü insan yetişdirməsi üçün institutdur. Həqiqəti göydən gözləyən, şifahi eşitmək istəyən, kitaba, elmə bağlı olmayan, düşüncəsi məişətə ilişib qalmış toplumlarda isə bu şeylər nəzərə alınmır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin