Mühasirəyə düşüb şəhid olan 31 nəfərlik qrupun Tərxanı - FOTO

Hazırda oxunan: Mühasirəyə düşüb şəhid olan 31 nəfərlik qrupun Tərxanı - FOTO

81057

Silahlı Qüvvələr günü ölkə başçısı İlham Əliyev tərəfindən "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılan ölməz şəhid hərbi qulluqçularımızın biri də 3 gündən sonra 26 yaşı tamam olacaq Tərxan Zabit oğlu Qurbanovdur.

Bizim.Media xəbər verir ki, Tərxan Şəkinin Kiçik Dəhnə kəndində doğulub, ailə vəziyyətinə görə Moskvada birinci sinfə getsə də sonradan ailə Mingəçevir şəhərində yaşadığından şəhidimiz burdakı 3 saylı orta məktəbi bitirib.

Həmkəndliləri, onu şəxsən tanıyanlar, ailə üzvləri Tərxan haqda böyük həvəs və ehtiramla danışırlar. Vətənpərvər, ürəyiyumşaq və düşmənə qarşı kəskin nifrətilə seçilən gənclərimizdən biri olub Tərxan.

Bacısı Jalə danışır ki,qardaşımdır deyə demirəm,Tərxan çox vətənpərvər  idi. O, birinci kursda oxuyanda Aprel döyüşləri gedirdi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinə  gedib könüllü adını yazdırmışdı, amma tələbə olduğundan istəyi nəzərə alınmamışdı.

Jalə qardaşının Bakı Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirəndən sonra əsgərliyə getdiyini deyir. Hərbi xidmət dövrü Vətən Müharibəsinə təsadüf etdiyindən çoxdankı arzusunu, döyüşlərə qatılmaq arzusunu reallaşdırır.

Atası Zabit Qurbanov Bizim.Media-ya danışdı ki, Tərxan ailəmizin ilki idi. Vətən Müharibəsində iştirakından qürur duyurdu. Hərbçi yoldaşları bizə onun qəhrəmanlığından çox söz açıblar.

Tərxan cəbhədə tibb işçisi (sanitar) kimi yaralılara kömək edib, həm də ön cəbhədə vuruşub. Komandiri deyəndə ki, sən arxa cəbhədə qal, yaralıları sağalt, oğlum bununla razılaşmayıb, yaralılara baxandan sonra ön cəbhədə düşmənə qan uddurmağı özünə borc bilib.

Tərxan və döyüşçü dostlarının hansı şəraitdə şəhid olmadına gəlincə, bacısı Jalə Müdafiə Nazirliyinin o vaxt verilən rəsmi məlumatını Bizim.Media-ya təqdim edib:

"Qrup olaraq onlar 31 nəfər olublar. Xocavənd istiqamətində gedən döyüşlərdə 6 post alıblar. Daha sonra irəlilədikləri zaman Xocavənd rayonuna çox az qalmış mühasirəyə düşüblər. Təsəvvür edin ki, 31 nəfərin hamısının silah-sursatları, güllələri qurtarır. Əllərində yalnız F-1 qumbaraları olur. Daha sonra əlbəyaxa döyüş başlayır və 31 nəfərin hamısı döyüşdə şəhidlik zirvəsinə yükəslir".

Bacısı Jalə sevimli qardaşının onlarla sonuncu dəfə 2020-ci il oktyabr ayının 31-də telefonla əlaqə saxlayıb, bizə ürək-dirək verərək söyləyib ku, narahat olmayın, tezliklə gələcəyəm Mingəçevirə.

Amma təəssüf ki, Qurbanovlar ailəsi bir neçə gün sonra Tərxanın və yoldaşlarının şəhid olmaları xəbərini eşidiblər.

2020-ci il noyabr ayının 6-da Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Tərxan Qurbanovun nəşi bir neçə gündən sonra ərazidən çıxarılıb və  Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Çox xoş haldır ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələr günü münasibəti ilə təltif etdiyi hərbçilər arasında Tərxan Qurbanovun da adı var. Bu ailənin böyük sevincinə səbəb olub. Ailə heç bir əsgərini unutmayan Ali Baş Komandanımıza minnətdarlıq edir.

Ruhu şad olsun. Bütün şəhidlərimizi hörmətlə anırıq!

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu















































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin