Artıq bağ mövsümü başlayıb. İnsanlar şəhərin səs-küyündən və bürküsündən qaçıb Abşeron bağlarına sığınıblar. Xəzər dənizi boyunca uzanıb gedən bağ və istirahət yerləri canlandıqca ərazilərdə müəyyən problemlər də üzə çıxır. Həmin problemlərdən biri də bağ massivlərində çirkab sularının hara gəldi axıdılmasıdır.
Apardığımız müşahidələr nəticəsində bəlli olub ki, hazırda Novxanı, Goradil və Pirşağı bağlarının bəzi sakinləri çirkab sularını birbaşa Abşeron magistral kanalına axıdır. Bu isə insanların sağlamlığına, ekoloji tarazlığın pozulmasına bir təhdiddir.
Məsələ ilə bağlı Bizim.Media “Azərsu” ASC-nin mövqeyini öyrənib. Qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, “bəli belə neqativ hallar var.
MÖVZU İLƏ BAĞLI:
Xəzər dənizini çirkləndirən 128 mənbə var - VİDEO
Abşeraon yarımadasında son illərdə salınan bağ və digər yaşayış massivlərində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur.
Çünki, həmin ərazilərdə aparılan tikintilər bir çox hallarda bizim qurumla razılaşdırılmayıb. Ona görə də bağ sahibləri çirkab sularını hara gəldi, bəziləri isə deyildiyi kimi Abşeron magistral kanalına axıdır”.
Mətbuat katibi problemin diqqətdə olduğunu söyləyib. Bildirib ki, “Abşeron yarımadasının su-kanalizasiya sistemini yenidən qurulması üçün “Azərsu” ASC tərəfindən master plan hazırlanıb.
Bu plana əsasən Ələt qəsəbəsindən Sumqayıt şəhərinədək sahilboyu ərazilərdə 11 ədəd yeni su və çirkab təmizləyici qurğuların inşası nəzərdə tutulur.
Hazırda Pirşağı ərazisində sutkada 40 min kubmetr çirkab suyunu təmizləyəcək qurğunun inşası aparılır. Növbəti mərhələdə isə digər ərazilərdə yeni təmizləyici məntəqələrin tikintisi aparılacaq”.
Surxay Atakişiyev, Bizim.Media